Your browser version is outdated. We recommend that you update your browser to the latest version.

DİNSİZLİYİN İNSAN ÜZƏRİNDƏKİ TƏXRİBATLARI

 

Bir cəmiyyətdəki fərdlərin din əxlaqını yaşamamaları nəticəsində ruhi və fiziki cəhətdən çox güclü sarsıntılar meydana gəlməsi qaçınılmazdır. Bu hissədə dinsizliyin insanda əmələ gətirdiyi maddi və mənəvi sarsıntılara toxunacağıq.

Din əxlaqını yaşamayan insanların Allaha təvəkkül edib təslim olmamaları həyatlarını həmişə kədər, sıxıntı və stress içində keçirmələrinə səbəb olar. Buna görə də bir çox psixoloji xarakterli xəstəliyə tutularlar, bədənləri çox sürətlə qocalar, qısa müddətdə yaşlanıb çökərlər. Ruhi cəhətdən yaşadıqları sıxıntının təsiri bədənlərinin hər yerində özünü göstərər.

Ən sağlam, görkəmli, gənc və gözəl bir insan belə bu təsirlərdən ötrü qısa bir müddət sonra tanınmayacaq hala gələ bilər. Gənc yaşlarda, həmyaşıdları olan möminlərdə müşahidə olunmayan fiziki pozğunluqlar onlarda əmələ gəlməyə başlayar, gözləri donuq və cansız olar, saçları çox tökülər, tutqun və seyrək olar, kişilərdə keçəllik daha sıx müşahidə olunar. Psixoloji vəziyyətlərinin bir nəticəsi olaraq dəriləri qalınlaşar və sərtləşər, qısa müddətdə öz elastikliyini itirər. Dərilərinin rəngi çirkli bir sarı və ya tutqun bir rəng alar ki, belə ki, bu da onlar üçün alçaldıcı bir görünüşdür. Şübhəsiz ki, bunda Qurandakı təmizlik anlayışının yaşanmamasının təsiri də böyükdür. Bunlar Quran əxlaqının yaşanmadığı və yol göstərici olaraq mənimsənilmədiyi cəmiyyətlərdə çox adamda görülən xüsusiyyətlərdir, hər kəsdə o qədər geniş yayılmışdır ki, artıq normal qarşılanan hala gəlmişdir. Buna görə də dinsiz bir mühiti seçmələrinin qarşılığını hələ dünyada olarkən görərlər, amma, əlbəttə ki, bunun bir də axirətdəki qarşılığı vardır.

Möminlər isə psixoloji cəhətdən sağlam olduqları, heç vaxt kədərlənmədikləri, stress və ümidsizliyə düşmədikləri üçün bədənləri də sağlam və gümrah qalar. Allaha təvəkkül etmələrinin, etibar etmələrinin, hər şeyə yaxşı gözlə baxmalarının, Allahın özlərinə verdiyi gözəl vəd və müjdələrinin sevincini həmişə qəlblərində daşımalarının müsbət təsiri bütün fiziki xüsusiyyətlərində də öz əksini tapmışdır. Əlbəttə ki, bu vəziyyət, dini tam mənasıyla qavrayan və vicdanından tam istifadə edərək, Quran əxlaqını haqqıyla yaşayan kəslər üçün məqbuldur.

Əlbəttə ki, onlar da xəstəliklərə tutular və normal olaraq yaşlanarlar, ancaq bu digər insanlar kimi psixoloji cəhətdən bir sarsıntı şəklində baş verməz. Xəstəlik, yaşlanma və ölüm, şübhəsiz ki, bütün insanlar üçün məqbuldur. Lakin bütün bunların sürətli, güclü və dağıdıcı olması din əxlaqından uzaq bir həyat və düşüncə tərzinin qazandırdığı mənfi psixologiyayla birbaşa əlaqəlidir. Bütün həyatını Allaha sığınaraq, Ona etibar edərək, hər hadisədə bir xeyir axtararaq, dinc və xoşbəxt keçirən bir insan kədər və çətinliklərdən uzaq olacağı üçün bədəninin görəcəyi zərərlər də normal olaraq daha az olacaq.

Din əxlaqını yaşamayan bir cəmiyyət, mənəvi baxımdan dinin təqdim etdiyi rahatlığı və hüzuru heç cür əldə edə bilməməyə, həm psixoloji, həm də fiziki cəhətdən bəzi çətinliklərlə qarşılaşmağa məhkumdur. Cəmiyyət bunun nümunələriylə doludur.

Müasir dövrdə əsrin xəstəlikləri olaraq adlandırılan iki şey vardır: Stress və depressiya. Bu iki xəstəlik adama yalnız psixoloji cəhətdən zərər verməklə kifayətlənməyib, bədənində də fiziki cəhətdən müxtəlif təsirlərlə özünü göstərir.

Stress və depressiyaya bağlı olaraq meydana gələn narahatlıqların əsas olanları, bəzi ruhi xəstəliklər, narkotik maddə asılılıqları, yuxusuzluq, dəri, mədə, təzyiq xəstəlikləri, soyuqdəymə, miqren, sümüklərlə əlaqədar bəzi xəstəliklər, böyrək çatışmazlığı, tənəffüs pozğunluqları, allergiyalar, infarkt, beyində böyümə meydana gəlməsi kimi problemlərdir. Əlbəttə ki, bütün bu xəstəliklərin meydana gəlmə səbəbi, həmişə stress və ya depressiya olmaya bilər. Lakin elmi olaraq da isbat edildiyi kimi bunların əmələ gəlməsi səbəbi çox vaxt psixoloji qaynaqlıdır.

Quran əxlaqının hakim olduğu bir həyat isə özüylə birlikdə təvəkkülü, tale inancını gətirdiyi üçün adam rahat olar, hər şeydə yalnız Allahı vəkil tutar, hadisələr qarşısında ən yaxşı şeyi, Allahın ən çox bəyəndiyi və razı olduğu davranışı göstərər. Bunun nəticəsində artıq nə olursa olsun, əlindən gələnin ən gözəlini etmiş olduğu üçün vicdanı rahatdır. Ən pis nəticəylə belə qarşılaşsa bunun Allahdan gələn bir imatahan olduğunu və Quranda təsvir edilən şəkildə reaksiya verməsinin, qiymətləndirməsinin lazım olduğunu bilir. Qətiyyən kədərlənməz, ümidsizliyə və stressə qapılmaz. Çünki həqiqi məqsədi axirətdir və əhəmiyyətli olan da sonsuz axirət mükafatını qazanmaq üçün lazım olduğu kimi hərəkət etməsidir. Allaha olan güclü inancından ötrü, heç bir hadisədən, heç bir mənfi haldan təsirlənib zəifləməz, daim rahat və gümrah olar. Buna görə də bu ruhi və psixoloji sağlamlığı, fiziki sağlamlığına da öz müsbət təsirini göstərər.

Məhz Quran əxlaqını yaşamaqla yaşamamaq arasındakı böyük fərqlərdən biri budur. İnanmayanlar dünyada yaxşı yaşaya bilmək, çox sevdikləri, dəyər verdikləri bədənlərini bu qısa dünya həyatında çox yaxşı qoruyaraq, ondan dünya ehtirasları üçün istifadə etmək istəyərlər. Bu yolla xeyir qazanacaqlarını düşünərlər. Amma aldanırlar. Quran əxlaqını yaşamamaqla, nəinki xeyir qazanmaq, hətta çox böyük ziyana düşərlər. Axirətdəki böyük əzabdan əvvəl dünyada da bu şəkildə əzab çəkərlər. Onların din əxlaqını yaşamaqdan bacardıqca uzaq tutduqları bədənləri, heç gözləmədikləri, təsəvvürlərinə gətirmədikləri bir vaxtda bu şəkildə pozulmalara məruz qalar və çox vaxt bunları düzəltmək də mümkün olmaz.

Allah insanı din əxlaqını yaşamaq üçün yaratmışdır. Bu bədən Quran əxlaqının yaşandığı bir sistemə görə tənzimlənmiş, buna uyğun xüsusiyyətlərlə təchiz edilmişdir. Və bu bədəndən yaradılışına zidd şəkildə istifadə etdikdə maddi və mənəvi olaraq pozular, məhvə məhkum olar. Belə ki, insan ruhuyla bədəni əslində bir-biriylə çox yaxından əlaqəlidir. İkisini də Allah yaratmışdır və ikisinin də yaradılışlarına uyğun şəkildə istifadə edilmələri vacibdir.

Daha əvvəlki hissələrdə insan ruhunun, yaradılışına uyğun olmayaraq hərəkət etdikdə necə böyük fəlakətlərə məruz qaldığını, Allahın istədiyi gözəl əxlaq sistemini yaşamamasından ötrü hələ dünyada olarkən, necə böyük əziyyət çəkdiyini gördük. Eynilə bu insanlar bədən cəhətdən də güclü zərərlər çəkərlər. Bədənlə ruhun yaxın əlaqəsi aydın bir həqiqətdir. Cəmiyyətdə də bunun nümunələrinə tez-tez rast gəlinir. Çox şən, gümrah, dünyaya yaxşı gözlə baxa bilən, başlarına gələn hadisələrdə yaxşı bir cəhət tuta bilən, üsyana, pessimizmə qapılmayan insanların ümumiyyətlə, bədən cəhətdən də sağlam və gümrah olduqları, gec yaşlandıqları məlumdur. Buna görə də insanlara qəzetlərdə, jurnallarda hər fürsətdə gənc və sağlam qalmaları üçün xoşbəxt və gümrah bir həyat yaşamaları, gülərüzlü olmaları, optimist olmaları, tez qəzəblənməmələri istiqamətində çağırışlar edilər. Halbuki, diqqət yetirilsə bunlar onsuz da din əxlaqının yaşanmasıyla mümkün olan, dində tələb olunan xüsusiyyətlərdir. Quran əxlaqı tam olaraq mənimsənilmədən və yaşanmadan insanların bu ruh halına tam olaraq sahib olmaları qeyri-mümkündür.

 

 

 Din əxlaqı yaşanmadıqda

stress qaçınılmazdır

İnsanlar arasında çox geniş yayılmış və “əsrin xəstəliyi” olaraq adlandırılan “stress” psixoloji mənşəli bir narahatlıqdır. Qorxu, etibarsızlıq, ümidsizlik, həddindən artıq həyəcan, işdən çıxarılma qorxusu, sağlamlığını və ya yaxınlarından birini itirmə narahatlığı kimi hisslərin bədəndə meydana gətirdiyi ümumi bir gərginlik vəziyyətidir.

İnsanlar stressə girdikləri vaxt, bədənləri buna reaksiya verər və həyəcan siqnalına keçər. Bədəndə müxtəlif biokimyəvi reaksiyalar başlayar. Bədən qandakı adrenalin səviyyəsini yüksəldər, enerji istifadəsi və bədən reaksiyaları maksimum səviyyəyə çıxar, şəkər, xolesterol və yağ turşuları qana buraxılar, həmçinin qan təzyiqi artar və ürək döyüntüsü sürətlənər.

Xüsusilə xroniki stress çox böyük zərərlərə səbəb ola bilər, bədən funksiyalarını dəyişdirər. Stress üzündən bədəndəki adrenalin və kortizon miqdarı anormal bir şəkildə yüksələr. Qlükoza beyinə yönləndirildikdə xolesterol miqdarı yüksələr, bu da bədən üçün təhlükə mənasını verər. Xroniki stress, ürək xəstəlikləri, hipertoniya, xora, depressiya, tənəffüs xəstəlikləri, ekzema və sədəf kimi dəri xəstəlikləri və digər bir çox sağlamlıq problemləriylə əlaqəlidir.

“Stress və stressin yaratdığı gərginlik və ağrı arasında əhəmiyyətli bir əlaqə vardır. Stressin səbəb olduğu gərginlik damarların daralmasına, başın müəyyən yerlərinə gedən qan dövranının pozulmasına və o yerə gedən qanın bir xeyli azalmasına gətirib çıxarar. Digər tərəfdən bir toxumanın qansız qalması bilvasitə ağrıya səbəb olar. Çünki, ehtimal ki, bir tərəfdən gərginləşmiş toxumanın daha çox oksigenə ehtiyac duyması, digər tərəfdən toxumanın onsuz da qeyri-kafi qanla qidalanması xüsusi ağrı reseptorlarını xəbərdar edər. Bu vaxt adrenalin və noradrenalin kimi stress vaxtı sinir sisteminə təsir edən maddələr də ifraz olunar. Bunlar da birbaşa və ya bilvasitə olaraq əzələlərin gərginliyini artırar və sürətləndirər. Beləcə ağrı gərginliyə, gərginlik narahatlıq hissi keçirməyə, narahatlıq hissi də ağrının şiddətlənməsinə gətirib çıxarar.“ (Acar Baltaş, Zuhal Baltaş, Stres ve Başa Çıkma Yolları, səh. 162)

Ancaq stressin gətirib çıxardığı ən ciddi xəstəliklərdən biri infarktdır. Araşdırmalar, aqressiv, təlaşlı, rəqabətçi insanlarındakı infarkt hallarının, bu davranışları az göstərən insanlardan daha çox olduğunu göstərir.

“Hipotalamusun başlatdığı simpatik sinir sisteminin həddindən artıq xəbərdar edilməsi, həmçinin həddindən artıq insulin ifraz olunmasına və buna görə də bu insulinin qanda toplanmasına səbəb olar. Məhz bu vəziyyət sağlamlıq baxımından həyati əhəmiyyət daşıyır. Çünki, xroniki damar xəstəliyinə gətirib çıxaran şərtlərin heç biri, qandakı artıq miqdardakı insulin qədər qəti və dağıdıcı bir rol oynamaz.“ (Acar Baltaş, Zuhal Baltaş, Stres ve Başa Çıkma Yolları, səh.159, Remzi Kitabevi, 15. basım)

Bu vəziyyət insan bədəninin normal tarazlığının xaricində fövqəladə bir vəziyyətdir. Bu fövqəladə vəziyyətin davamlılıq göstərməsi bədənin normal tarazlığını və sağlamlığını pozar, çox müxtəlif narahatlıqlara gətirib çıxarar. Mütəxəssislər stressin insan bədənindəki mənfi təsirlərini aşağıdakı əsas maddələr halında toplayırlar:

Narahatlıq və təşviş: İşlərin nəzarətdən çıxdığı hissinə qapılmaq.

Tərləmə: Davamlı artan tərləmə, tez-tez vanna otağından istifadə etmək istəyi.

Səs dəyişməsi: Kəkələmə, titrəyərək danışma.

Hiperaktivlik: Ani enerji partlayışları, zəif diabet nəzarəti.

Yatmaqda çətinlik çəkmək: Kabus görmək.

Dəri xəstəlikləri: Sızanaq, civzə, hərarət, sədəf xəstəliyi və ekzema.

Mədə-bağırsaq simptomları: Mədə pozğunluğu, mədə bulanması, xora.

Əzələ təzyiqləri: Cırıldayan və ya kilidlənən dişlər, çənədə ağrı, kürək, boyun və çiyinlərdə ağrı.

Aşağı dərəcəli infeksiyalar: Soyuqdəymə və s.

Miqren

Güclü ürək döyüntüsü, sinə ağrısı, yüksək təzyiq.

Böyrək çatışmazlığı, su saxlama.

Tənəffüs pozğunluqları, təngnəfəslik.

Allergiyalar

Oynaq ağrıları

Ağız və boğaz quruluğu

Ürək tutması

İmmunitet sisteminin zəifləməsi

Beyin bölgəsində kiçilmə

Özünü günahkar hiss etmək, özünə etibarsızlıq

Düşüncə qarışıqlığı, doğru şərhlər edə bilməmək, yaxşı düşünə bilməmək, yaddaş zəifliyi

Həddindən artıq pessimistlik, hər şeyin pisləşəcəyinə inanmaq

Tərpənmədən bir yerdə durmaqda çətinlik çəkmək, mütləq temp tutmaq

Fikrini bir yerə cəmləşdirə bilməmək və ya cəmləşdirmədə çətinlik çəkmək

Əsəbilik, küsəyənlik

Məntiqsizlik

Özünü köməksiz, ümidsiz hiss etmək

Artan və ya azalan iştaha

Din əxlaqından uzaq və onun nemətlərindən xəbərsiz yaşayan insanlar, həmişə “stress” dediyimiz bu əzaba dözməyə məhkumdurlar. Düşüncələrini, həyata və hadisələrə qarşı olan baxışlarını dəyişdirmədikləri müddətcə də bundan xilas olmaları qeyri-mümkündür. Bu həqiqət, stresslə mübarizə mövzusunda mütəxəssislərin verdikləri tövsiyələrdən də aydın olur. Bu mövzuda tək bir nümunə vermək belə kifayətdir: Məsələn, Allahın Quran əxlaqında insanlara əmr etdiyi mövzulardan biri “qəzəbini boğmaqdır”. Mütəxəssislər də stressə gətirib çıxaran əhəmiyyətli bir faktor olaraq gördükləri qəzəb haqqında bunları deyirlər:

Qarşınızdakı insan nə qədər təhrikedici olursa olsun sakitliyinizi itirməyin. Nə qədər haqlı kimi görünürsə görünsün (özünüzü müdafiə etmə zəruriliyi istisna olmaqla) güc tətbiq etməyin. (Stres ve Başa Çıkma Yolları, səh. 289)

Göründüyü kimi, gümrah və sakit bir xarakterə, rahat, etibarlı və narahatlıqlardan uzaq bir psixologiyaya sahib olunduğu təqdirdə bu tip xəstəliklər baş verməyəcək. Bu elmi bir həqiqətdir. Gümrah və rahat bir psixologiyanın ancaq Quranın yaşanması ilə mümkün olduğu da aydındır.

 

Stressdən qaynaqlanan immunitet

sistemi xəstəlikləri

 

Streslə, immunitet sistemi arasında yaxın bir əlaqə vardır. Fizioloji stress, immunitet sistemində ciddi bir təsir əmələ gətirər və immunitet sistemini zəiflətməyə çalışar. Stress altında olan beyin, bədəndə xolesterol hormonu ifrazını artırır və immunitet sistemini zəiflədir. Digər bir sözlə beyin, immunitet sistemi və hormonlar bir-birləriylə əlaqə saxlayırlar. Bu mövzuda mütəxəssislər belə deyir:

Psixoloji və ya fiziki stress mövzusundakı tədqiqatlar uzun müddət davam edən güclü bir stresslə qarşılaşıldığı vaxt hormonal tarazlığa bağlı olaraq immunitet cavabında bir azalma olduğunu ortaya qoymuşdur. Xərçəng də daxil olmaqla bir çox xəstəliyin yaranması və gücünün yaşanılan stresslərlə əlaqəli olduğu məlumdur. (Stres ve Başa Çıkma Yolları, s.169)

Elə buna görə də sağlam bir beyin, rahat və gümrah bir ruh halı bədənin ümumi sisteminin də güclənməsini təmin edər. Bu da xəstəlik əmələ gətirəcək səbəblərin ortaya çıxmasının qarşısını alar. Allaha iman edən, Quran əxlaqının qazandırdığı dünyagörüşünü və ruh halını yaşayan bir insanın, ruh sağlığı da, immunitet sistemi də güclü olar. Belə bir adam üçün hər şeyə, hər hadisəyə müsbət yaxınlaşmaq bir ibadətdir. Təvəkküllü və ümid dolu bir ruh halı Quranda möminlərə verilən öyüd-nəsihətdir, bir davranışdır. Qurana uyğun dünyagörüşü möminlərə axirət yurdunu qazanmalarına gətirib çıxardığı kimi onların dünyada da xoşbəxt, sağlam, şən və gözəl bir həyat yaşamalarını təmin edər. Bu, Allaha yönələnlərə və dininə bağlananlara vəd etdiyi sonsuz nemətin dünyadakı bir hissəsidir. Əlbəttə ki, bu, imanlı bir insanın xəstəliyə tutulmayacağı ya da çətinliklərlə üzləşməyəcəyi mənasını verməz. Ancaq möminlər stress, mənəvi pozğunluq kimi bir vəziyyəti heç vaxt yaşamadıqları üçün digər insanlarla müqayisədə xəstəliklərə tutulma riskləri də daha aşağı olacaq.

Əhəmiyyətli bir nöqtəni də bildirmək lazımdır: Əlbəttə ki, insanlar din əxlaqını xəstəliklərə tutulmamaq üçün yaşamazlar. Amma insanların qarşılaşdıqları hadisələrdə Allaha təvəkkül etmələri, Onun əmr etdiyi din əxlaqını yaşamalarının bir nəticəsi olaraq ruhən və bədəncə sağlam bir hal ortaya çıxar. Yəni, möminlərin sağlam insanlar olmaları, güclü bir imana, mənəvi cəhətdən güclü insanlar olmalarıyla əlaqədar olaraq yaranan bir vəziyyətdir.

Nəticə etibarilə, bu gün XXl əsr insanı daha çox ziyana uğramadan fitrətinə (yaradılışına) qayıtması və din əxlaqını yaşaması lazımdır. Əks təqdirdə həm dünyada, həm də axirətdə ziyana uğrayan məhz özü olacaq. Dünyada yaşadığı psixoloji və mənəvi çətinliklərlə yanaşı bədən sağlamlığını da itirən belə bir insan Quran əxlaqını yaşamamasından ötrü sonsuz həyatını çox böyük çətinliklərlə keçirmək məcburiyyətində qalacaq. Möminlər isə onlarla müqayisədə Allaha olan sədaqətləri və din əxlaqına olan bağlılıqlarından ötrü həmişə qazanclı olaraq nemətlər və xoşbəxtlik içində yaşayacaqlar.