Your browser version is outdated. We recommend that you update your browser to the latest version.

HƏLL YOLU QURAN ƏXLAQIDIR

 

Kitabın əvvəlindən bəri, din əxlaqından uzaq yaşayan insanların düşüncə və davranış formaları və bu insanların meydana gətirdiyi ictimai quruluşun əsas xüsusiyyətlərinə müxtəlif cəhətlərdən toxunduq. Bu insanların qatlandıqları çıxış yolu olmayan problemlərlə və çətinliklərlə dolu həyat tərzinin həm bədənlərinə, həm də ruhlarına verdiyi zərərləri araşdırdıq. Onların bu vəziyyətlərinə qarşı səmimi möminlərin hüzur və əmin-amanlıq içindəki həyatlarından da nümunələr verdik. Məhz dindar insanların bu hüzur və etibarları, kitabın bir çox yerində də bəhs etdiyimiz kimi Quranın hər şeyə çarə olmasından qaynaqlanır. Quran hər problemə, hər çıxılmaz vəziyyətdə ən mükəmməl və ən ağıllı çıxış yollarını təqdim edir:

Ədalətsizlik, ixtilaf, bərabərsizlik, mübahisə, döyüş, haqsızlıq, israf, təəssüb, zülm, şiddət, iqtisadi əlaqələr, ər-arvad münasibətləri, ticarət əlaqələri, insanlar arası ictimai əlaqələr, qohumlar arası əlaqələr və bunlar kimi saysız-hesabsız ictimai problem və mövzu haqqında Quran əxlaqının yaşanması insanların həyatlarını asan, rahat və xoşbəxt edəcək ən əsas, ən ədalətli, ən mükəmməl və ən əsaslı həlləri gətirər.

Bunlardan başqa Quran hər mövzuda və hər şəraitdə göstərilməsi lazım olan ideal rəftar və əxlaq quruluşunu da insanlara izah edər. Quranda təsvir edilən bu üstün əxlaq modelini yaşayan insanlardan ibarət olan bir cəmiyyət də, əlbəttə ki, əsrlərdir arzu olunan ideal quruluşuna qovuşacaq.

Quranın hər mövzuda insanlara şərh gətirdiyi bir ayədə belə ifadə edilir:

 

...Bu Quran uydurulmuş bir kəlam deyildir. Ancaq özündən əvvəlkiləri təsdiqləyən və hər şeyi müfəssəl izah edəndir; iman gətirən bir camaat üçün hidayət və mərhəmətdir. (Yusif surəsi, 111)

 

İnsanlar haqq dinin rəhbərliyi olmadan nə şəxsi, nə də ictimai problemlərinə heç vaxt əsaslı və qaneedici həlləri öz başlarına tapa bilməzlər. Necə ki, tarix boyu din əxlaqından uzaq yaşayan cəmiyyətlərin bu vaxta qədər həll edə bilmədən daşıdıqları saysız-hesabsız problem bu həqiqətin aydın bir dəlilidir. İnsanlar din əxlaqından üz çevirdiyi təqdirdə bunun qarşılığını özünün və içində yaşadığı cəmiyyətin, əsla öhdəsindən gələ bilməyəcəyi çətinlik və problemləriylə ödəmək məcburiyyətində qalacaq. Bu, dinsizliyin dünyadakı qarşılığıdır. Axirətdəki qarşılığı isə daha ağrılı və daimi olacaq.

İnsanı ən yaxşı tanıyan onu yaradan Allahdır. Allah insana hər dövrdə haqq din sayəsində ehtiyacı olan hər cür məlumatı və şərhi də göndərmişdir. Haqq dini tətbiq etdiyi təqdirdə insanın ən gözəl həyat tərzini əldə edəcəyini də bildirmişdir:

 

Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq. (Nəhl surəsi, 97)

 

Buna baxmayaraq insan kiçik hesablar, dünyəvi mənfəətlər, eqoist zəifliklərdən ötrü haqq dindən üz çevirdiyi təqdirdə ən böyük zərəri yenə özü görəcək. Çünki insan Qurandan üz çevirsə, özü üçün lazım olan ən həyati məlumatlardan məhrum olar. Halbuki, nə özünün, nə də özü kimi gəlib-getmiş insanların yığdıqları var-dövlət bu dünyada qarşısına çıxacaq tələblərin və problemlərin öhdəsindən gəlməsinə kifayət etməyəcək. Bütün həyatı çətinlik, narahatlıq, stress, şübhə, tərslik və çıxılmaz vəziyyətlərlə keçəcək. O da bir müddət sonra bu vəziyyəti qəbul edəcək, din əxlaqını yaşamamağının cəzası olan əzablarla dolu həyatını, həyatın bir həqiqəti zənn edərək böyük bir aldanış içində yaşayacaqdır.

Həll isə aydındır, hər şeyin Yaradıcısı olan Allaha yönəlmək, Onun bizlər üçün seçib bəyəndiyi dinini yaşayaraq həqiqi xoşbəxtliyə nail olmaqdır. Allah dünyadakı xilas yolunun dinə yönəlmək olduğunu xəbər vermiş və səmimi qullarına din əxlaqını yaşadıqları təqdirdə dünyada qorxuyla qarşılaşmayacaqlarıyla əlaqədar böyük bir müjdə vermişdir:

 

Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir. (Nur surəsi, 55)