Your browser version is outdated. We recommend that you update your browser to the latest version.

İCTİMAİ PROBLEMLƏR DİN ƏXLAQINI
YAŞANMAQLA HƏLL OLUNAR

 

Daha əvvəlki hissələrdə din əxlaqı yaşanmadığı təqdirdə insanların necə bir ruh halına və xarakter xüsusiyyətlərinə sahib olduqlarını və bunun nəticəsində ortaya çıxan insan modellərini təfərrüatlı olaraq gördük. Bu hissədə isə din əxlaqını yaşamağa başlayan bir cəmiyyətdə əsrlərdir hakim olan sosial yaraların necə bir-bir ortadan qalxdıqlarını görəcəyik.

 

Hər cür əxlaqi degenerasiya bitər

Din əxlaqının yaşanmadığı cəmiyyətlərin ən diqqətə çarpan xüsusiyyəti cəmiyyətdə əxlaqi degenerasiyanın hakim olması və bunun hər keçən gün durmadan artmasıdır. Bu cəmiyyətlərdə Quran hökmləri, Allah rizası və ya Allah qorxusu kimi dəyərlər yaşanmadıqdan ötrü, bu degenerasiyanın qarşısını alacaq heç bir məhdudiyyət yoxdur. Hər nə qədər cəmiyyətlərdə adət-ənənələrin, insanlar və ya rəhbərlər tərəfindən tətbiq olunan ictimai qaydalar müxtəlif qabaqlayıcı təsirləri göstərsə də, bu qaydalar insanlar tərəfindən çıxarılmış olduğundan və təməllərində Allah qorxusunun olmamasından ötrü insanların vicdansız, mərhəmətsiz və qeyri-insani davranmalarının qarşısını ala bilmir.

Məsələn, əxlaqsızlıq edən bir insanın daha da əxlaqsız olmaması üçün heç bir səbəb yoxdur. Bir iş yeri sahibini düşünün. Əgər bu adam Allaha inanmır və Ondan qorxub çəkinmirsə onsuz da vicdansızlığa qərar vermiş və ən kiçik fürsətdə bunu tətbiq etməyə hazır vəziyyətə gəlmiş bir adamdır. Çünki bir insanın özünü yaradan varlığa itaət etməməsi, Onun verdiyi nemətləri görə bilməməsi və Onun əmrlərinə, qadağalarına qarşı çıxması onsuz da vicdansızlıqların ən böyüyüdür. Belə bir insanın iş yerində işlətdiyi kəslərə qarşı pis rəftar göstərməsi, əsəbiləşib təhqir etməsi, onları ən az pulla ən çox müddətdə və ən çox əməklə işlətməsi öz vicdanına görə olduqca normal bir davranış olacaq. Birlikdə iş gördüyü kəsləri və ya şirkətləri əlinə imkan keçdikdə dolandırmaması, öz şirkətini böyüdüb gücləndirmək, daha çox pul qazanmaq üçün qanunsuz işlərə əl atmaması üçün özünü vicdani cəhətdən məsuliyyətli edəcəyi bir səbəb isə olmayacaq.

Əvvəldə də toxunduğumuz kimi ilahi qanunlar əsas götürüldükdə əxlaqi dəyərlər hər kəsə görə dəyişəcək. Birinə görə çox böyük əxlaqsızlıq olan bir mövzu digərinə görə normal bir hal kimi görünə bilər. Buna görə də din əxlaqının yaşanmadığı cəmiyyətlərdə əxlaqi dəyərlər adamdan adama, yaşdan yaşa, bölgədən bölgəyə, şəhərdən, ölkədən və cəmiyyətdən cəmiyyətə də dəyişir. Tək bir dəyər mühakiməsi olmadığından ötrü cəmiyyətdə tez-tez əxlaqi ölçülərdə mübahisələr, qarşıdurmalar yaşanır. Hər yeni nəsil əvvəlki nəslə görə əxlaqi dəyərlər baxımından daha da korlanmışdır.

Ancaq burada əhəmiyyətli olan məqam əxlaqi degenerasiyada daima sürətlə artan bir inkişaf olmasıdır. Cəmiyyətlər, Allah inancları əskik olduğundan ötrü hər il daha da korlanır, bir il əvvəl cəmiyyətdən çox pis kimi görünən bir hərəkət və ya anlayış, bir il sonra cəmiyyətin bütün fərdləri tərəfindən normal qarşılanmağa başlanır. Lakin, bu, əlbəttə ki, o cəmiyyətə böyük ziyan vurur, dinsizliyin gətirdiyi pis əxlaq hər keçən gün daha da güclənir. Maraqlı olan budur ki, əxlaqsızlıq müasirlikmiş kimi göstərilməklə cəmiyyətə bu istiqamətdə təlqin edilməsidir. “Müasir cəmiyyətin XXl əsr insanı azad, rahat və sərbəst olmalıdır” şəklində bir anlayış, dinsiz ideoloqlar tərəfindən cəmiyyətlərə yerləşdirilir.

Əxlaqsızlığın yaşı hər gün daha da azalarkən, edilən əxlaqsızlıq növləri də çoxalır. ABŞ və Avropada uşaq qatillərinin sayında əhəmiyyətli bir artım mövcuddur. Uzaq Şərq ölkələrində də uşaqlar kiçik yaşlardan etibarən özlərini insan alverinin ortasında tapır, hər cür pozğun əlaqəyə vasitə olurlar. 80-ci illərdə cinsi pozğunluqlar heç kimin ağzına belə ala bilmədiyi utanılacaq ifadələr olduğu halda, indiki vaxtda bu cür əlaqələr normal qarşılana bilir, bu əxlaqsızlıqları edənlərə qarşı rəğbət bəslənilir, bunlara qarşı çıxanlar isə müasir olmamaqla (mürtəce olmaqla) ittiham edilir. Dinsiz cəmiyyətlərdəki insanların bu səyləri ayədə belə təsvir edilir:

 

Möminlər barəsində iyrənc şayiələrin yayılmasını istəyənlər üçün dünyada və axirətdə acılı-ağrılı bir əzab vardır. Allah bilir, siz isə bilmirsiniz. (Nur surəsi, 19)

 

Bunun əvəzinə din əxlaqı yaşansa əxlaqi degenerasiyanın baş verməsi qeyri-mümkün olar. Hər şeydən əvvəl insanlar Allahdan çox qorxduqları üçün onsuz da əxlaqsızlıq etməyə cəhd etməzlər. Bunun üçün isə Quranın hökmlərinə tabe olmaları kifayətdir. Məsələn, aşağıdakı ayədə Allahın istədiyi əxlaqi dəyərlər çox aydın olaraq bildirilir:

 

Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohumlara haqqını verməyi əmr edir, iyrənc işlər görməyi, pis əməllər törətməyi və azğınlıq etməyi isə qadağan edir. O sizə öyüd-nəsihət verir ki, bəlkə düşünüb ibrət alasınız. (Nəhl surəsi, 90)

 

Yuxarıdakı və bənzər ayələrdəki hökmləri bilən möminlərin bu hökmlərdən kənara çıxması qeyri-mümkündür. Buna görə də inanmış insanlardan ibarət olan bir cəmiyyətdə əxlaqsızlığın olması və yaşanması qeyri-mümkündür.

Bundan başqa istisna hallarda insanlardan qaynaqlanan bir xəta olsa, buna da digər möminlər göz yummayacaqları üçün yenə əxlaqsızlıq yaşanmayacaqdır. Üstəlik, cahil cəmiyyətində olduğu kimi insanların əxlaqsız hərəkətlərə sövq edilməsindən və yayılmasından söhbət belə gedə bilməz. Çünki möminlərin ən əhəmiyyətli xüsusiyyətlərindən biri də ayələrdə tez-tez ifadə edildiyi kimi bir-birlərinə yaxşı əməlləri əmr edib, pis əməlləri qadağan etmələridir:

 

Mömin kişilərlə mömin qadınlar bir-birinin dostlarıdır. Onlar insanlara yaxşı işlər görməyi buyurur, pis əməllərə qadağa qoyur, namaz qılır, zəkat verir, Allaha və Onun Elçisinə itaət edirlər. Allah onlara rəhm edəcəkdir. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir. (Tövbə surəsi, 71)

 

Bu halda Quran əxlaqının yaşandığı bir cəmiyyət əxlaqi cəhətdən olduqca seçilən olar. Çünkü möminlər xeyirxah işlər görməyə tələsirlər (Ali İmran surəsi, 114) və yaxşı iş görürlər (Fussilət surəsi, 33) sözə qulaq asıb onun ən yaxşısına tabe olurlar. (Zumər surəsi, 18) Allah Quranda dini yaşayan insanlardan meydana gələn bir cəmiyyətin bu xüsusiyyətlərindən belə bəhs edər:

 

Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz. Siz yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz... (Ali İmran surəsi, 110)

 

Şübhəsiz ki, belə bir cəmiyyətin əxlaqi cəhətdən dini yaşamayan cəmiyyətlərə görə nə qədər üstün və heyrətamiz olduğu aydındır.

 

Din əxlaqının yaşanmasıyla ailə

daxili problemlər də aradan qalxar

Cəmiyyətlərin yaxşı bir sosial struktura sahib ola bilməsi, yaxşı bir ailə strukturuyla mümkündür. Ailə korlandığı təqdirdə cəmiyyətin korlanması da qaçınılmazdır. Bundan ötrüdür ki, dinsizliyi qanuniləşdirmiş ideologiyalar -kommunizm, sosializm və s.- əvvəlcə ailəni hədəf alarlar. Nikah, ananın dəyəri, gizlilik, sədaqət, namus, iffət kimi dəyərləri yox etməyi qarşılarına məqsəd qoyarlar. Dinsiz cəmiyyətlərə istiqamət verən filosoflar və rəhbərlər bundan ötrü də bu dəyərləri əhəmiyyətsiz və dəyərsiz göstərəcək təlqinlər verirlər. Məsələn, əvəllər nikahsız ailələr cəmiyyət tərəfindən rədd edildiyi halda, indiki vaxtda çox normal qarşılanan hal olmuşdur. Yenə nikahsız ailələrin yaşı elə azalıb ki, orta məktəb yaşındakı uşaqların arasında belə bu vəziyyətin çox yayıldığı məlumdur.

Cəmiyyət daxilində nikaha olan dünyagörüşü səhvdir. Gənc qızlar nikahı həyatlarını zəmanət altına alacaq bir sığorta kimi görərlər. Vəziyyət belə olduqda tək meyar maddiyyat olar. Bəzən buna vəzifə, xarici görünüş, ətraf mühit kimi xüsusiyyətlər də əlavə olunar. Ancaq ən əsas meyar puldur. Buna görə də cahil cəmiyyətindəki nikahların böyük hissəsində kişilərdə axtarılan xüsusiyyət mal və puldur. Pul, vəzifə, xarici görünüş kimi hər an, hər insanın asanlıqla itirə biləcəyi şeylər əsasında qurulan bir nikahın nə qədər sağlam ola biləcəyini başa düşmək üçün boşanma statistikalarına baxmaq kifayətdir. Çünki məlum olduğu kimi boşanmalarda ildən ilə bir artım müşahidə edilir.

Boşanmaya gətirib çıxaran səbəblərdən biri də kişilərin həyat yoldaşlarında axtardıqları xüsusiyyətlərdir. Məlum olduğu kimi ümumiyyətlə, kişilərin evlənərkən axtardıqları xüsusiyyətlərin başında gözəllik gəlir. Buna bir də qadının yaxşı bir təhsil alması və bacarıqlı olması da əlavə oluna bilər. Əlbəttə ki, iki tərəfin də axtardığı bu xüsusiyyətlərə sahib olmaq pis bir şey deyil, ancaq nikah kimi sağlam olmalı bir birlik yalnız bunlar əsasında qurulsa, bu xüsusiyyətlər itirildiyi vaxt bu nikahın pozulmasını seyr etməkdən başqa bir alternativ də qalmaz.

Halbuki, evlilikdə sədaqət, vəfa, sevgi, hörmət kimi anlayışlar çox əhəmiyyətlidir. Ancaq, insanları bir-birinə bağlayan din əxlaqının sağlam dəyərləri olmadan bu xüsusiyyətlər təmin edilə bilməz. Buna görə də dini dəyərlər olmadan belə bir nikahın pozulması çox asan olar.

Bu cür yanlış məntiqlər əsasında qurulan nikahlarda möhkəm bir özül olmamasından ötrü sevgi və hörmət qısa müddətdə yox olur və ər-arvad bir-birlərini tanımaz hala gəlirlər. Bu vəziyyət özüylə  birlikdə gün keçdikcə artan döyüşlər, anlaşılmazlıqlar, ittihamlar da gətirər. Bir müddət sonra bu vəziyyət qəbul edilər və cəmiyyətdəki nikahların klassik pis dövrü başlanar. Doğan uşaqlar da bu mühitdə böyüdükcə psixologiyaları pozulur, ruh halı qeyri-sabit olan nəsillər meydana gəlməyə başlayır. Şübhəsiz ki, dinsiz cəmiyyətlərdə insanlar, ailələrində gördüklərinə müvafiq olaraq sevgi və hörmətdən uzaq bir xarakterə sahib olarlar.

Din əxlaqını bir yol göstərici kimi qəbul etməyən cəmiyyətlərdə, ailə tərkibindəki pozğunqluqlar çox geniş olaraq görülər. Xüsusilə pulun ailə üzvləri arasındakı əlaqələrdə çox əhəmiyyətli bir rolu vardır. Bol pul verən bir kişi həyat yoldaşı tərəfindən həmişə çox sevilər və qayğı görər, eynilə pullu bir ata uşaq üçün əhəmiyyətli bir ünsürdür. Ancaq bu sevgi və qayğının nə qədər könüllü olduğunu ehtimal etmək çətin deyil. Ailə başçısının işlərinin pozulduqda və verdiyi pul azaldıqda isə ümumiyyətlə, bu sevgi və qayğı bitər, birdən-birə narazılıqlar başlayar. Pul üzündən tez-tez mübahisələr, davalar baş verər. Hər hansı bir iflas baş verdikdə yaxud da işlər pozulduqda isə adamın həyat yoldaşı tərəfindən tərk edilməmə zəmanəti yoxdur. Çox vaxt da bu cür vəziyyətlərdə dərhal boşanmalar müşahidə olunar. Məhz bu vəziyyət Quran əxlaqını yaşamamağın nəticələrindən biridir.

Cahil cəmiyyətin evliliyə olan bu dünyagörüşünə qarşı möminlərin evliliyə olan dünyagörüşləri çox fərqlidir. Onlar evliliyin sonsuza qədər sürməsi niyyətiylə evlənərlər, çünki öldükdən sonra özlərini sonsuz bir həyatın gözlədiyini bilirlər. Yoldaşlarını seçərkən ən əhəmiyyətli meyarları təqvalı olması, digər bir sözlə Allahın istədiyi Quran əxlaqını yaşamasıdır. Çünki digər bütün xüsusiyyətlərin keçici olduğunu bilirlər. Evlilik həyatı boyu hər iki tərəf də yeganə meyar olaraq Quranı əsas aldıqları üçün çox uyğun bir bərabərlik olar, əlaqələrində sevgi və hörmət hakim olar. Bir tərəf səhv etdikdə dərhal digər adam Quran əxlaqına dəvət edər və problem həll edilər. Çünki mömin olan bir adamın bu dəvətə əhəmiyyət verməməsi qeyri-mümkündür. Buna görə də Allahdan qorxan və iman sahibi insanların qurduqları evliliklər çox möhkəm olar.

Ailə dedikdə, yalnız ər-arvad arasındakı əlaqəni düşünmək də səhv olar. Din əxlaqının yaşandığı bir mühitdə uşaqlar ata-analarıyla və digər ailə böyükləriylə çox ehtiramlı və hörmət dolu rəftar edərlər. Sevgidə, hörmətdə qüsur olmaz. Dövrümüzdəki ailələrdə olduğu kimi evlərdə qışqır-bağır, hörmətsiz üslub və danışıqlar olmaz. Həmişə bir hüzur və sevinc hakim olar. Ailə mühitləri insanların qaça-qaça getmək istədikləri yerlər halına gələr. Uşaqlar ata-analarını himayədarları olaraq görər və sevərlər. Ailələr uşaqlarını Allahın bir əmanəti olaraq görər və qoruyarlar. Ailə dedikdə, ağıla mehribanlıq, sevgi, etibar, həmrəylik gəlir. Amma təkrar ifadə etməkdə fayda vardır ki, bu mükəmməl mühitə ancaq və ancaq din əxlaqının tam, əskiksiz və səmimi olaraq yaşanması, Allah qorxusu və sevgisinə sahib olmaqla nail oluna bilər.

 

Cəmiyyətin fərdləri arasında

sevgi və hörmət əlaqəsi meydana gələr

Dinsizliyin insanlar üzərindəki mənəvi təsirlərini izah edərkən bu insanların sevgini və hörməti tanımamaları məsələsi üzərində dayanmışdıq. Bu cür insanlardan ibarət olan bir cəmiyyət də, əlbəttə ki, böyük, kiçik, yaşlı, gənc, kəndli, şəhərli, bir-birinə sevgi-məhəbbət göstərməyən cəmiyyətdir. Belə bir mühitdə adam özünü həmişə tək və sevgisiz hiss edər. Şəfqət, mərhəmət olmadığı kimi hər kəs yalnız özünü düşünər. İnsanların bir-birlərinə bəslədikləri, zənn etdikləri sevgi və ya hörmət, heç vaxt Quranda nəzərdə tutulan mənada həqiqi hörmət və ya sevgi olmaz. Bunun ən böyük səbəbi isə həyatdakı bütün dəyərlərin mənfəət əlaqələri əsasında qurulmasıdır.

Heç kim başqasına könüllü surətdə hörmət etməz. Müdirinə qarşı hörmət göstərməsə işdən atılacağını bilən bir adamın, müəlliminə hörmət göstərməsə sinifdə qala biləcəyini düşünən bir şagirdin, yoldaşını qəzəbləndirsə cib xərcliyi ala bilməyəcəyini başa düşən bir qadının hörmət anlayışlarının yalnız mənfəətə əsaslanması aydındır.

Halbuki, əsasında din əxlaqı və onun gətirdiyi gözəl əxlaq olan bir həyat tərzində heç vaxt bu cür bir vəziyyət meydana gəlməz. Allahı razı salmaq üçün səy göstərən, Allahdan qorxan bir möminə hər kəs normal olaraq sevgi və hörmət bəsləyər. Bu adamın hörmət görmək üçün mal-dövlət, xarici görünüş kimi amillərə ehtiyacı yoxdur. Sevgi və hörmət görməsi üçün yalnız mömin olması, yəni Allahdan qorxub çəkinməsi və Onu razı salmaq üçün yaşaması kifayətdir.

Dinsiz cəmiyyətlərdə insanların necə bir ruh halına və əxlaq quruluşuna sahib olduqlarını daha əvvəlki hissələrdə izah etmişdik. İndi qarşınızda bu insanlardan meydana gəlmiş bir cəmiyyət düşünün, sizcə bu cəmiyyət sevgi və hörmətin hakim olduğu bir cəmiyyətdirmi? Əlbəttə ki, deyil. Özünü yoxdan var edən və ona sonsuz nemətlər verən Rəbbimizi təqdir edə bilməyən, Onu lazım olduğu kimi sevə bilməyən bir varlıq, əlbəttə ki, Onun qullarını da sevə bilməz. Bunun yeganə həlli isə din əxlaqının yaşandığı və Allah sevgisinin hakim olduğu bir cəmiyyətdir.

 

Qumar bəlası aradan qalxar

Din əxlaqı yaşanmadıqda əmələ gələn pis mühitdə ən diqqət çəkən istiqamətlərdən biri də insanların, içki və qumara əsaslanan həyat tərzləridir. Din əxlaqını yaşamadıqları üçün təvəkkülün, səbrin, ümid etməyin nə olduğunu bilməyən bu insanlar hər hansı bir çətinliklə qarşılaşdıqları təqdirdə etdikləri ilk iş içkiyə və qumara müraciət etməkdir.

Hər hansı bir işləri yolunda getmədikdə, canları sıxıldığında, qəzəbləndiklərində, kədərləndiklərində hətta sevindiklərində belə dərhal içkiyə sarılıb öz aləmlərində “sıxıntılarını aradan qaldırarlar”. Halbuki, etdikləri, başda özləri olmaqla ətraflarındakı bütün insanlara zərər verməkdən başqa bir şey deyil. İçdikləri içkinin dozası artdıqca şüurları daha da itər və artıq müəyyən bir səviyyədən sonra etdikləri hər şey həddindən artıq sərxoş olmalarından ötrü normal bir halmış kimi qarşılanar. Belə bir vəziyyətdə adamın ətrafındakı insanları təhqir etməsi, cəmiyyət içində heç edilməyəcək yersiz bir hərəkəti gülərək etməsi və ya gündəlik həyatda iş-güc sahibi bir insan olduğu halda içki masasında hönkür-hönkür ağlaması, cahiliyyə ifadəsiylə “dağıtması” cəmiyyət tərəfindən də normal qarşılanan acizliklərdir.

İnsanların içkiylə özlərini itirmələri, bunun nəticəsində ətraflarındakı insanlara verdikləri hər cür zərər, həyat boyu qazandıqları hər şeylərini qumarda xərcləyib itirmələri, döyüşlər, cinayətlər, intiharlar dinsizliyin nə qədər böyük bir zülm gətirdiyinin ən aydın dəlilləridir. Bu həqiqət, ayənin ifadəsindən də aydın olur:

 

Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız. Həqiqətən, şeytan sərxoşedici içki və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz buna son qoyacaqsınızmı? (Maidə surəsi, 90-91)

 

Quran əxlaqı qumarı qadağan etdiyi üçün möminlər heç vaxt qumar oynamağa cəhd etməzlər. Bunu Allah qorxularından ötrü etməzlər. Hər nə olursa olsun, nə qədər çətin vəziyyətdə də qalsalar, nə qədər cəlbedici təkliflərlə də qarşılaşsalar, nə qədər təzyiq də görsələr, nə qədər təşviq də edilsələr bu mövzuda güzəştə getmələrindən söhbət belə gedə bilməz. Din əxlaqında bunlara qarşı gətirə biləcək bəhanələr, ağlabatan səbəblər yoxdur. Heç kim bəhanə gətirmək kimi bir əxlaqsızlıq etməz. Çünki bir şey haramdırsa bunda güzəşt edilməsi, yüngülləşdirilməsi, tətbiq olunmaması ola bilməz.

Din əxlaqı yaşanmadığı təqdirdə isə insanların dəyər mühakimələrinə və ölçülərinə etibar etmək olmaz. Çünki yerə, zamana, adama, mühitə görə dəyərlər də, kəslər də dəyişərlər. Bunlarla əlaqədar olaraq çox fərqli izahlar gətirə bilərlər. Məsələn, qumar və ona bənzər pisliklər bəzi mühitlərdə pis olaraq qəbul edilərkən, bunu pis qəbul edən insanlar tərəfindən bəzi mühitlərdə oynanması və ya edilməsi normal qarşılanır. Otellərdə, əyləncə yerlərində oynanmasında bir problem görülməz. Prinsip etibarilə oynamayan biri belə bu tərz bir yerə getdikdə prinsipini pozar və oynayar.

Bir şey pisdirsə və ya əxlaqsızlıq kimi qəbul edilirsə, buna heç bir yerdə və heç bir şəkildə yanaşılmamalıdır. Yerə, zamana və insanlara görə fərqləndirmə inkişaf etməmiş bir şəxsiyyətin göstəricisidir. Din əxlaqından xəbərsiz bir kimsənin də güclü bir şəxsiyyət və iradəyə sahib olması qeyri-mümkündür.

 

Narkotik problemi aradan qalxar

“Birləşmiş Millətlər Təşkilatı tərəfindən hazırlanan 1997-ci il Narkotik Hesabatında dünyada 200 milyon adamın narkotikdən istifadə etdiyi ifadə edildi...” (27 Haziran 1997, Yeni Yüzyıl Gazetesi)

Demək olar ki, hər gün eşidilən xəbərlərdə və ya oxunan qəzetlərdə narkotiklə əlaqədar bir xəbər olması müasir dövrdə artıq adi qarşılanan hadisələrdən biridir. Halbuki, bir qədər düşündükdə yer üzündəki canlılar arasında ən şüurlu varlıq olan insanın bir neçə milliqramlıq bir maddədən onsuz yaşaya bilməyəcək, o olmadığı təqdirdə özünü itirərək, şoka girəcək dərəcədə asılı olması çox anormal bir vəziyyətdir. Üstəlik, bu insanların sayının az hesab edilməyəcək qədər olduğu da nəzərə alındıqda vəziyyət xeyli təəccüblü hala gəlir.

“Bir dəfə sınamaqla heç bir şey olmaz” məntiqiylə başlayıb qısa vaxt ərzində narkotik mübtəlası halına gələn insanların hamısı şüur altında bir üsyan ruhu daşıyırlar. Çünki ümumiyyətlə, narkotikə başlamağın öz aləmlərində ağlabatan səbəbləri vardır. Şəxsi iradəsizliklərini və zəifliklərini görməzlikdən gəlib ətraflarındakı insanları günahkar hesab edərlər. Ailə mühitində yaşanan narahatlıqlar, məktəbdəki və ya işdəki müvəffəqiyyətsizliklər, ətraflarındakı insanlarla yola getməmək, maddi imkansızlıqlar, hadisələrin istədikləri kimi inkişaf etməməsi və ya hər hansı bir səbəbdən ötrü canlarının sıxılması bu kəslərin üsyana yönəlmələri üçün kifayət edir. Artıq bundan sonra qarşılarına çıxan hər şeyi pis, mənfi olaraq qiymətləndirməyə başlayırlar. Getdikcə kədərli və qaranlıq bir ruh halına girərlər.

Həyatda özlərini hər şeyə qarşı çox gücsüz hiss edərlər, həqiqətən də Allahı dost tutmadıqları üçün heç bir dayaqları yoxdur. Yeganə həllin hər şeyi unutmaq, şüuru tamamilə bağlayıb özündən keçmək olduğunu düşündükləri üçün hər keçən gün narkotikin dozasını bir az daha artırar, öz əlləriylə ölümə sürətlə yaxınlaşarlar. Bütün bunlarla birlikdə, ölümdən sonra əsl həyatın başlayacağına inanmadıqları və yox olacaqlarını düşündükləri üçün öz aləmlərində kef çəkməklə yaşayıb əylənmək istədikləri dünya həyatının bu dərəcə kabusa dönməsi və hər keçən gün həm bədəncə, həm də ruhən çökmələri onları daha da çıxılmaz vəziyyətə salar.

Məhz içində olduqları bu qorxunc ruh halı, çöküşləri, kinləri, qəzəbləri, üsyanları, Allah razı salmaq əvəzinə nəfslərini razı salmağa çalışmaları, əslində vicdanlı davranmamalarının dünyada onlara verilən qarşılığıdır.

Halbuki, Allah insanlara ağıl, iradə, vicdan vermiş və Öz rizasına uyğun olaraq hərəkət edildiyi təqdirdə həm dünyada, həm də axirətdə gözəlliklər vəd etmişdir. Ancaq bunun əksini yaşamağı seçən şəxslərə də dünyada da, axirətdə çətinlik üz verəcəkdir. İşin həqiqəti, Allaha yaxınlaşmaq üçün yol axtaran insan həm Allahı razı salaraq sonsuz cənnət yurduna girməyə ümid edə bilər, həm də dünyada rahat və dinc bir həyat yaşaya bilər.

Yerlərin, göylərin və bu ikisi arasındakı hər şeyin Rəbbi olan Allaha səmimi bir yaxınlıq içində olmaq, əlbəttə ki, o adam üçün mümkün ola biləcək ən böyük dəstəkdir. Məhz buna görə də möminlər dünyanın ən güclü və ən dözümlü şəxsləridir. Həmçinin, iradələri və şüurları olduqca açıq insanlardır. Bu cür bir acizliyə düşməyəcəkləri kimi, özlərinə də əsla belə bir acizliyi yaraşdırmazlar. Onları belə güclü və iradəli edən şey isə Allaha olan imanları və Onun göndərdiyi haqq dinə olan bağlılıqlarıdır.

 

Fahişəlik aradan qalxar

 

Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yoldur! (İsra surəsi, 32)

 

Allahın Quranda haram buyurduğu hərəkətlərdən biri olan zina, bunu edən insanı, tövbə etmədiyi təqdirdə həm dünyada, həm də axirətdə çox alçaq mövqeyə salacaq böyük bir günahdır.

Zinanın ya da fahişəliyin cəmiyyətə və zina edən insanlara maddi-mənəvi bir çox zərərləri vardır. Möminlər üçün, Allahın bu hərəkətləri qadağan etməsi, bunlardan uzaq durmaq və nifrət etmək üçün kifayətdir. Unudulmamalıdır ki, Allah insanları qanuni olan evliliyə təşviq edir.

Həmçinin, fahişəliyin cəmiyyətə və insanlara verdiyi zərərləri görmək də möminlərin imanlarını artıran bir ünsürdür. Quran ayələrində qəti bir şəkildə qadağan edilən və qınanan fahişəliyi, heç bir hədd-hüdud bilmədən tətbiq edənlərin içinə düşdükləri vəziyyət möminlər üçün bir ibrət vəsiləsidir.

Bu gün fahişəlik üzündən xeyli insan qürurunu itirmiş, özünə olan hörmətini və etibarını itirmiş, alçaq bir həyatı mənimsəmişdir. Fahişəlik üzündən çox sayda ailələr dağılmışdır. İnsanlara ümumi bir bədbəxtlik, narahatlıq və axtardığını tapa bilməmək psixologiyası hakim olmuşdur. Halbuki, Allahın göstərdiyi yola tabe olub, təmiz olanı seçsələr, digər bir sözlə halal olan bir şeyi seçsələr insanlar həm psixoloji baxımdan rahat olarlar, həm özlərinə etibar edərlər, həm qarşılıqlı sevgi və hörmət yaşayarlar, həm də möhkəm ailələr, möhkəm cəmiyyətlər meydana gələr.

Cəmiyyətlərin korlanmasında fahişəliyin rolu danılmazdır. Çünki fahişəlik, cəmiyyətin ən fundamental dirəyi olan ailə quruluşunu hədəf alır. Nəticədə özlərinə və ətraflarındakı insanlara hörmət qoymayan fərdlərdən ibarət bir cəmiyyət ortaya çıxar. Fahişəliyin yalnız pul qarşılığında edildiyini düşünmək səhvdir. Kiçik ya da böyük, uzunmüddətli və ya qısamüddətli hər hansı bir mənfəət qarşılığında edildiyi təqdirdə də yenə eyni mənaya gəlir. Ümumiyyətlə, insanlar, “pul qarşılığında birlikdə olmadıqlarını” deyərək özlərini rahatlaşdırmağa çalışarlar, amma, əslində bu bir yalandır. Çünki Allahın qoyduğu hüdudlar aşıldıqdan sonra hamısı eyni mənanı verər. Allah Quranda qeyri-qanuni hər cür cinsi əlaqənin haram olduğunu bildirmişdir. Buna görə də fahişəliyi məhdud nümunələr çərçivəsində düşünmək də səhv olar.

Digər cəhətdən, fahişəlik edənlərin çoxu əslində bunun haram olduğunu bildikləri üçün şüur altlarında böyük bir vicdan əzabı və narahatlıq hissi duyarlar. İnkar etsələr də daxildə özlərinə olan etibarlarını itirmələri bunun bir göstəricisidir.

Fahişəliyin cəmiyyətə gətirdiyi zərərlərdən biri də fahişəlik üçün yaradılan məkanlardır. Artan degenerasiyaya düz mütənasib olaraq fahişəlik məkanları da artır, bu da cəmiyyətin əxlaqi çöküşünü sürətləndirir. Uşaq sayılan yaşdakı insanlar bu yerləri doldurur, ailə münasibətləri ziyan görür, buna görə də sədaqətsizlik və vəfasızlıq durmadan artır. Halbuki, Allah insanları təmiz, halal, etibarlı, sədaqətli, sevgi və hörmətin hakim olduğu bir modelə çağırır və bunu nemət olaraq göstərir.

Bununla yanaşı, dünya tarixi boyu xeyli sayda insan dolanışığını fahişəlik etməklə təmin etməyə üstünlük vermiş, beləcə alçaldılmağı seçmişdir. Bu gün də fahişəlik bütün dünyada asan yolla pul qazanma sektoru olaraq göstərilir. Beləcə, pul qazanma və lüks həyat ehtirasıyla çox sayda adam şərəfsizliyi seçir. Allah Quranda insanları bu təhlükəyə qarşı belə xəbərdar edir:

 

Şeytan sizi yoxsulluqla qorxudur və yaramaz işlər görməyi əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanma və mərhəmət olunacağını vəd edir. Allah hər şeyi Əhatə edəndir, Biləndir. (Bəqərə surəsi, 268)

 

Halbuki, insan əgər özünə Allahı vəkil edib, mömin namusuyla yaşamağa niyyət edərsə, Allah ona heç ağlına gətirmədiyi yerlərdən ruzi verər, qarşısına bir çox imkan çıxardıb, onu öz rəhmətiylə varlandırar. Çünki, belə şərəfli və saleh bir müsəlman Allahın diləməsiylə həm dünyada, həm də axirətdə nemətlər içində yaşayacaq. Qaldı ki, Allah imtahan üçün məhdud imkanlar da verə bilər. Belə bir vəziyyətdə adam dünyanın faniliyini buna qarşı axirət yurdunun əbədiliyini düşünüb, səbir etsə Allah Qatında alacağı qarşılıq böyük olacaq.

Lakin təkrar xatırlatmaqda fayda var: Bir insan dünyada mümkün ola biləcək hər cür səhvi edə bilər, Quranda haram buyrulan günahları işləmiş ola bilər, həyatının böyük bir hissəsini fahişəlik edərək qəflət içində keçirmiş də ola bilər, ancaq doğru yola çağırıldığı təqdirdə Allaha qəti bir tövbə edib bağışlanma diləsə, inşaAllah Allahı tövbələri qəbul edən olaraq görəcək. Yalnız bu şeyə də diqqət edilməlidir, Allahdan qəbul etməsi ümid edilən tövbə, ölüm anı gəlib də edəcək başqa bir şey qalmadığı üçün səmimiyyətsizcə edilən tövbə deyil. Çünki Allah bunu Quranda açıq-aşkar bir şəkildə bildirmişdir:

 

Allah ancaq o kəslərin tövbələrini qəbul edir ki, onlar avamlıqları üzündən pis iş gördükdən sonra tezliklə tövbə edirlər. Allah onların tövbələrini qəbul edər. Həqiqətən, Allah Biləndir, Müdrikdir. Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman: “Mən indi tövbə etdim!” – deyənlərin də, kafir kimi ölənlərin də tövbəsi qəbul deyildir. Biz onlar üçün ağrılı-acılı bir əzab hazırlamışıq. (Nisa surəsi, 17-18)

 

Heç kim asanlıqla gəlir əldə etmək

yollarına üstünlük verməz

Əvvəlki hissələrdə din əxlaqından uzaq insanların ölümdən sonrakı həyata həqiqi mənada inanmadıqlarını, bundan ötrü də -keçici olan- dünyaya həddindən artıq dəyər verib, eqoist ehtiraslarının arxasınca getdiklərini, bu mövzuda heç bir sərhəd tanımadıqlarını izah etdik. Bu insanların nəfslərinin pis arzuları və istəkləri üçün edə bilməyəcəkləri şey yoxdur. Heysiyyətlərindən, şərəflərindən, namuslarından rahatlıqla güzəştə gedə bilərlər. Əhəmiyyətli olan hər istədiklərinə qovuşa bilmələri, hər şeyi əldə edə bilmələridir. Öz səhv məntiqlərinə görə, sonunda onsuz da torpağa qarışıb yox olacaqlarını düşündükləri üçün bu fani dünyanın haqqını verməlidirlər. Dünyada da hər şeyin açarı pul olaraq görüldüyü üçün tək sahib olunmalı şey puldur. Öz aləmlərində əllərinə pul keçirsələr, istədikləri hər şeyi əldə edəcəklər. Məhz bu məqamda bütün əxlaqi zəiflikləri ortaya çıxar. Asanlıqla pul qazana bilmək üçün hər şeyi edə bilərlər.

Saxtakarlıq, xəyanət, fırıldaqçılıq, oğurluq, əskik ölçmək, əskik çəkmək, yalançı şahidlik etmək kimi hər cür ədəbsizliyin yolu açıqdır. Bu həqiqəti görmək üçün qəzetlərin 3-cü səhifə xəbərlərini xatırlamaq kifayət edəcək. Pul üzündən işlənən cinayətlər, əxlaqsızlıqlar, arvadını, qızını, qonşusunu pul qazanmaq məqsədiylə fahişəliyə təşviq edən insanlar, öz hesabına pul keçirənlər, fırıldaqçılar vərdiş edilmiş xəbərlərdəndir.

Buna qarşı möminlər Allahın, Rəzzaq sifətiylə insanlara ruzi verəcəyini bilirlər. Əlbəttə ki, Allah rizasına uyğun olaraq onlar da işləyərlər, lakin heç bir şəkildə dünyaya ehtirasla bağlanmazlar və qeyri-qanuni yollara yönəlməzlər. Dünyaya bağlanmamalarının qarşılığını da bolluq və bərəkətlə alarlar. Əsl həyatın axirət yurdu olduğunu bildikləri üçün, saleh mömin olduqları təqdirdə cənnətlə mükafatlandırılacaqlarını və sonsuz nemətə qovuşacaqlarını da bilərlər.

 

Din əxlaqı yaşandıqda sosial

həyat necə olar?

Din əxlaqı özüylə bərabər Allah sevgisini də gətirəcəyi üçün bu, bütün insanlara çox müsbət və gözəl təsir edər. Hər kəs Allahın rizasını qazanmaq üçün gözəl əxlaq göstərər, bir-birini Allah rizası üçün sevər və ehtiram göstərər. Cəmiyyətdə şəfqət, mərhəmət, tolerantlıq hakim olar. İnsanlar Allahın əmrinə müvafiq olaraq xeyirli işlər görməyə tələsərlər.

Digər tərəfdən Allah qorxusu sayəsində hər kəs əxlaqsızlıqlardan və pisliklərdən uzaq durar. Əsrlərdir qarşısı alına bilməyən hər cür mənfi hal bir anda aradan qalxar. Dinin məhəbbəti və ruhu hər yerə hakim olar. Əlbəttə ki, burada nəzərdə tutulan Quranda bildirilən həqiqi dindir və bu din əxlaqının səmimi olaraq yaşanmasıdır.

Bir cəmiyyətin varlığında ailənin rolu çox böyükdür. Din əxlaqının tam mənasıyla yaşandığı bir mühitdə daha əvvəlki mövzularda ifadə edildiyi kimi ailə əlaqələri çox möhkəmlənər, həqiqi sevgi, hörmət yaşanar. Ailə olmazsa, dövlətin də, millətin də mənası qalmaz. Bunlar bir-birləriylə çox əlaqəli anlayışlardır. Ailə dağıldıqda millət anlayışı da yox olar, dövlət də zərər görər. Bu vəziyyət domino daşları kimi beləcə davam edər. Necə ki, din əxlaqının yaşanmadığı cəmiyyətlərdə insanların üsyançı şəxsiyyətlərə büründükdə, anarxist aksiyalar keçirdikləri, dövlətə qarşı cəbhə aldıqları məlum olan bir həqiqətdir. Xüsusilə də milli və mənəvi dəyərlərin qorunması lazım gəldiyi hallarda, Allah qorxusu olmayan insanların biganə davranacaqları qəti bir həqiqətdir. Milli və mənəvi mənfəətlərlə öz mənfəətləri arasında bir müqayisə aparmaları yeri gəldikdə din əxlaqından uzaq insanların asanlıqla öz nəfslərini istəyinə uyğun gələni seçəcəkləri aydın bir həqiqətdir. Bu, yeri gəldikdə vətənə və millətə xidmət etməkdən, onun uğrunda mübarizə aparmaqdan çəkinməyə, hətta separatçı fəaliyyətlər göstərməyə qədər geniş bir çərçivədə düşünülə bilər. Halbuki, din əxlaqını yaşayan insanlar üçün dövlət və millət anlayışları çox böyük dəyərə malikdir. Yeri gəldikdə adam dövləti üçün canını təhlükəyə atar, dövlətinin, millətinin mənfəətlərini şəxsi mənfəətlərindən üstün tutar. Milli və mənəvi dəyərlərini canla başla qoruyar.

Din əxlaqının yaşandığı bir mühitdə şagirdlər də dövlətə, millətə qarşı hörmət və sevgi dolu olarlar. Nəinki, bu müqəddəs təşkilatlara qarşı mübarizə aparmaq, tam əksinə dəstək olub, kömək edərlər. İndiki dövrdə olduğu kimi əsgərə, polisə hücum etməzlər, tam əksinə dövləti qoruyan, müdafiə edən bu səlahiyyətli şəxslərə qarşı olduqca hörmət göstərər və onlara kömək edərlər. Cəmiyyət daxilində dövlətə, orduya və polisə qarşı tam bir etibar və sahiblənmə hissi yaranar. Tələbə hadisələri, qardaş davaları, sağ-sol qarşıdurmaları kimi problemlər aradan qalxar. Çünki heç kimin razılığa gələ bilmədiyi, mübahisə etdiyi, döyüşdüyü bir xüsus qalmaz. Hər kəs Allahın kitabına iman edər, onda bildirilən gözəl əxlaq anlayışını mənimsəyər, nəticədə də heç kim bir-biriylə anlaşmazlığa düşməz. Problemlərin həllində hər kəs özünü qarşısındakının yerinə qoyar, mərhəmət edər, tolerantlıqla yanaşar. Beləcə hər problem qısa müddətdə gözəlliklə həll olar.

Dövlət belə bir mühitdə çox asan idarə olunar. Ölkə çox etibarlı və çiçəklənən bir hala gələr. Məsul işçilər də insanlara qarşı çox ədalətli, mərhəmətli olarlar, hər cür ədalətsizlik aradan qalxar. Buna görə də özləri də çox hörmət görərlər. Belə dövlətlər də çox güclü və sarsılmaz bir təmələ sahib olarlar.

Din əxlaqı yaşanmadığı təqdirdə isə ata oğula, oğul ataya düşmən olar, qardaş qardaşla mübahisə edər, işçi müdirə, müdir işçiyə düşmən olar. Anarxiya üzündən fabriklər, iş yerləri fəaliyyət göstərməz, ziyan görər. Sosial anarxiya baş verər, kasıb təbəqələr varlılara hücum edər, varlılar da kasıbları əllərindən gəldiyi qədər istismar etməyə çalışar. Müxtəlif peşə qrupları digərlərinə hücum edər. Cəmiyyətdə xaos, anlaşılmazlıq, anarxiya mühiti hakim olar. Bütün bunların səbəbi insanların Allahdan qorxmamalarıdır. Allah qorxusu olmayan insanlar rahatlıqla haqsızlıq, ədalətsizlik edə bilir, cinayət işləyə bilir, bənzəri görülməmiş zülm və qəddarlıqlar etməkdən çəkinmirlər. Üstəlik, vicdan əzabı belə çəkməyən, etdikləri vəhşilikdən peşman olmadıqlarını deyə bilirlər. Halbuki, qarşılığında axirətdə sonsuz cəhənnəm əzabı olduğuna inanan bir adam əsla bu cür hərəkətlər edə bilməz. Quran əxlaqı yaşandığı təqdirdə bu saydığımız mənfi halların heç biri qalmaz. Hər şey sakitliklə, gözəlliklə, ədalətlə həll edilər. Məhkəmə hadisələri olmaz, polis şöbələri, məhkəmə binaları demək olar heç bir iş görməz.

İnsanların rahat və dinc olmasıyla birlikdə cəmiyyətə hər sahədə bərəkət gələr. Elmi fəaliyyətlər artar, yeni ixtiralar olar, texnologiya, mədəniyyət və rifah səviyyəsi çox yüksələr. Çünki insanların ağlının üstündəki təzyiq yox olduqda rahatlayar, azad və rahat düşünmə qabiliyyətləri inkişaf edər. Gözəl əxlaqın yaşanmasıyla birlikdə insanların mallarına, pullarına, gördükləri işlərə, ticarətə, əkinçiliyə, sənayeyə bərəkət gələr. Demək olar ki, hər sahədə inkişaf müşahidə olunar. Bədii fəaliyyətlərdə də böyük addımlar atılar. Gündəlik sıxıntı, problem və narahatlıqlardan təxəyyülləri, düşüncə hüdudları zəifləmiş insanlar, din əxlaqının yaşanmasıyla birlikdə bu çətinliklərdən xilas olarlar. Buna görə də incəsənət qabiliyyətləri inkişaf edər, təxəyyülləri zənginləşər. Allahın Öz ruhundan üfürdüyünün və özünə sonsuza qədər qalması üçün ehtişamla, sənətlə, min bir növ nemətlərlə dolu cənnətini vəd etdiyini dərk edən bir insan çox normal bir haldır ki, sənətdən və estetikadan ən yaxşı dərəcədə zövq ala biləcək bir ruha sahib olacaq. Ruhunda bundan böyük bir zövq alacaq və daha çox zövq almaq üçün səy göstərəcək. Həmçinin ətrafındakı insanlara duyduğu sevgi və hörmət də bu kəslərə gözəlliklər təqdim etmə əzmini artıracaq, bu mövzuda böyük bir şövq verəcək. Buna görə də din əxlaqının həqiqi mənada yaşandığı və Qurana tam mənasıyla tabe olunduğu bir mühitdə hər cür bədii cərəyan sürətlə inkişaf edər.

Amma din əxlaqını yaşamayan insanların ruhlarını zənginləşdirib, gözəlləşdirmə kimi bir məqsədləri də yoxdur. Ətraflarına gözəllik təqdim etmə mövzusunda isə əsla şövqlənməzlər. Çünki ətraflarındakı insanları mənşəyi meymunlara gedib çıxan və sonunda yox olub gedəcək varlıqlar kimi qiymətləndirərlər. Onların tək məqsədləri eqoist istəklərini, heyvani motivlərini təmin edə bilməkdir. Bunların arxasınca getmək də insanın ruhunu inkişaf etdirməz, tam əksinə korlaşdırar. Bu cür insanların sənətə heç bir töhfə verə bilməyəcəkləri kimi gözəl sənətdən zövq almaları, sənəti təqdir etmələri də qeyri-mümkündür. Sənətdən zövq almayan, estetik anlayışları olmayan insanlardan ibarət olan bir cəmiyyətdə sənətçilər da şövq və əzmlərini itirərlər. Ancaq pul və mənfəət qarşılığında etdikləri üçün də həqiqi mənada bir sənət əsəri ortaya qoya bilməzlər.

Nəticədə, din əxlaqı xalis və səmimi olaraq Quranda təsvir edildiyi şəkildə yaşandığı təqdirdə dünya cənnətə bənzər mühitə çevrilir. İnsanların əsrlərdir həsrətini çəkdikləri, çatmaq üçün cəhd etdikləri, lakin çox uzaq gördükləri ictimai səadət bir anda reallaşar.