Your browser version is outdated. We recommend that you update your browser to the latest version.

Din əxlaqı yaşansa həsəd və

qısqanclıqlar da yox olar

Əvvəlki hissədə də toxunulduğu kimi din əxlaqında, qısqanclıq və həsəd pis və çirkin bir əxlaq anlayışıdır, buna görə də möminlər gözəl əxlaqlı ola bilmək, Allahın xoşuna gələcək rəftarlar edə bilmək üçün bunun tam əksi olan bir münasibət nümayiş etdirirlər. Din əxlaqını yaşamayan bir insanda isə həsəd duyğusunun olmaması çox çətindir, çünki həsəd aparmasının qarşısında bir maneə yoxdur. Hərisliklərin, ehtirasların, eqoizmin hakim olduğu bir rəqabət mühiti vardır və bu vəziyyətdə cahiliyyə insanı üçün həsəd qaçınılmazdır. Gənc bir qız özündən daha gözəl olan ya da daha gözəl geyinmiş birini qısqanar, gənc bir oğlan daha məşhur olan dostunu qısqanar. Məktəb və iş yerində əldə olunan müvəffəqiyyətlərdə də bu belədir. Yaş, cins, peşə, vəzifə kimi xüsusiyyətlər də bir şey dəyişdirməz, hər təbəqədən olan insanda həsədin bir növünü görmək mümkündür. Xüsusilə də bir-birlərinin mallarını qısqanarlar. Evə aldıqları əşya, evin yerləşdiyi məkan, mənzərəsi, avtomobil markası, bağ evi, səyahət kimi mövzular həsəd səbəbidir. Sevindiklərini, xoşbəxt olduqlarını desələr belə həqiqətdə çox qısqanarlar. Hətta elə qısqanarlar ki, bəziləri diliylə belə sevindiyini deyə bilməz. Xüsusilə iş yerlərində həsəddən qaynaqlanan bir rəqabət çox diqqətə çarpan dərəcədə görünər. Vəzifə və məqam ehtirası və bundan qaynaqlanan qısqanclıqlar gündəlik həyatda görməyə vərdiş etdiyimiz hallardır.

Amma Quran daha əvvəl də ifadə etdiyimiz kimi, insanları özləri üçün istədikləri hər şeyi qardaşları üçün də istəməyə və onların sahib olduqları hər şeydən böyük sevinc hissi keçirməyə çağırır. Quran ayələrində möminlərin bu rəftarları belə təsvir edilir:

 

...onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır. Səhabələrdən sonra gələnlər deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhmlisən!” (Həşr surəsi, 9-10)

 

 

İnsanlar arasında sevgi və hörmətin

yaşanması din əxlaqının yaşanmasıyla mümkün olar

Dinin əslində ən əhəmiyyətli istiqaməti sevgi və gözəl əxlaqa əsaslanmasıdır. Qurana baxdıqda Allahın Öz qullarından çox üstün bir əxlaq istədiyi, onları sevgi və fədakarlığa dəvət etdiyi görülər. Allah qullarına qarşı bağışlayıcı və mərhəmətlidir. Quranda Allahın qullarına olan sevgisindən belə bəhs edilir:

 

Bağışlayan da, Sevən də Odur! (Büruc surəsi, 14)

 

Allah möminlərə yönəltdiyi bu sevginin eynisini onların da bir-birlərinə göstərməsini istəyər. Buna görə də möminlər bir-birlərinə çox dəyər verər, sevgi və hörmətdə heç bir səhv etməməyə diqqət edərlər. Belə davrandıqları təqdirdə Allahın özlərindən razı qalacağını bilmələri də bu sevgi və hörmətin meydana gəlməsindəki ən əhəmiyyətli amildir. Həmçinin, Allahın yaradıb, ruh verdiyi, iman sahibi etdiyi bir insanın dəyərli olduğunu da bilirlər. Bundan başqa, dünyanın bir imtahan yeri olduğunu bilmələri onları digər insanlara qarşı həmişə gözəl əxlaqlı olmağa sövq edər. Çünki bunun əvəzini axirətdə alacaqlarını, bundan ötrü mükafatlandırılacaqlarını bilirlər. İçlərindəki güclü Allah qorxusu da eynilə onları digər insanlara qarşı yaxşı və gözəl davranma mövzusunda motivasiya edər. Baxdıqları hər varlıqda Allahın əks olunan gözəlliklərini görərlər, bu da sevgi dolu olmalarını təmin edər. Bununla birlikdə özlərini axirət həyatının gözlədiyini, digər inananlarla sonsuza qədər birlikdə olacaqlarını bilmələri də bu sevgi və hörməti xeyli güclü və əsaslı bir hala gətirər.

Buna görə də insanlar arasında din əxlaqının ruhu hakim olduqda çox gözəl, çox mehriban və çox dinc bir həyat yaşanır. Ailə münasibətləri çox fərqli olar. Uşaqlar ana-atalarına və digər böyüklərinə qarşı olduqca hörmət və sevgi dolu olarlar. Allahın bu mövzuda Quranda olan hökmü də möminlərin bu şəkildə davranmalarını tələb edir:

 

Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: “Uf!” belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə! (İsra surəsi, 23)

 

Başqa bir ayədə də möminlərə belə öyüd-nəsihət verilir:

 

Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara, yaxın və uzaq qonum-qonşuya, yol yoldaşına, müsafirə və sahib olduğunuz kölə və kənizlərə yaxşılıq edin! Həqiqətən, Allah lovğalıq edənləri və özünü öyənləri sevmir. (Nisa surəsi, 36)

 

Din əxlaqı yaşandıqda hər kəs bir-birinə ən gözəl sözü demək və ən gözəl rəftarı göstərmək mövzusunda bir-biriylə yarışar. Bu da yenə Quran əxlaqı sayəsində mümkün olur:

 

Allahın necə məsəl çəkdiyini görmürsənmi? Gözəl söz (lə ilahə illəllah) kökü yerdə möhkəm olan, budaqları isə göyə yüksələn gözəl bir ağac kimidir. O ağac Rəbbinin izni ilə öz bəhrəsini hər zaman verir. Allah insanlar üçün misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar. (İbrahim surəsi, 24-25)

 

Məhz ayələrdə təsvir edilən bu əxlaqı yaşamağa diqqət göstərən insanlar sevginin, hörmətin və dostluğun ən gözəl nümunələrini yaşayarlar. Bu, heç bir mənfəətə əsaslanmayan, yalnız Allah rizası üçün yaşanan bir sevgidir. Quranda möminlərin bir-birlərinə olan yaxınlıq dərəcələri belə ifadə edilmişdir:

 

Mömin kişilərlə mömin qadınlar bir-birinin dostlarıdır. Onlar insanlara yaxşı işlər görməyi buyurur, pis əməllərə qadağa qoyur, namaz qılır, zəkat verir, Allaha və Onun Elçisinə itaət edirlər. Allah onlara rəhm edəcəkdir... (Tövbə surəsi, 71)

 

Yuxarıdakı ayədə ifadə edildiyi kimi inananlar bir-birlərinin dostudurlar. Belə olduqda da həmişə qardaşlarının yaxşılığını və xoşbəxt olmalarını istəyərlər. Din əxlaqı tam mənasıyla bir cəmiyyətdə yaşandıqda isə hər kəs bu şəkildə bir-birini özünə dost tutar. Cəmiyyətə böyük bir sevgi və həmrəylik hakim olar.

Din əxlaqının yaşanmadığı bir mühitdə isə insanlar həqiqi sevgini və hörməti heç vaxt yaşaya bilməzlər. Çünki sevgi və hörmət duymalarına vəsilə olacaq səbəblər gözəllik, zənginlik, vəzifə, məqam kimi anlayışlardır.

Yaxın dostlarını xarici görünüşlərinə, geyinib-keçinmələrinə görə seçən bir adamın dostluq əlaqələri də ətrafındakıların sahib olduğu bu xüsusiyyətlərlə eyni olacaqdır. Evlənəcəyi adamı mal-dövlətinə, peşəsinə görə seçən bir adamın sevgisi həmişə bu meyarlara bağlı olaraq azalıb, artacaq. Məsələn, evlənməyi düşündüyü adam ya da həyat yoldaşı gözəl və nüfuzlu bir insan olduğu halda, qəflətən ölümcül bir xəstəliyə tutulsa ya da iflic olsa bir müddət sonra, onun xəstəliyindən qaynaqlanan əskikliklərini, acizliklərini görüb, ondan soyuyacaqdır. Xüsusilə özü maraqlanmaq və baxımını boynuna götürmək vəziyyətində qalsa, qısa bir müddət sonra səbri tükənəcək və bezəcəkdir. Qısa ömrünü xəstə birinə baxaraq keçirmək istəməyəcək. Cəmiyyət bunun nümunələriylə doludur.

Hörmət də eyni sevgi kimi çox əhəmiyyətlidir, qarşıdakı insana verilən dəyəri göstərər. Amma din əxlaqı yaşanmadığı vaxt adamın hörmət göstərməsi üçün müəyyən şərtlər meydana gəlməlidir, bunlara pul, vəzifə, rütbə, güc kimi şeylər misal ola bilər. Bu şərtlər meydana gəlmədiyi vaxt hörmət qoymaq üçün bir səbəb görmürlər. Ya da bunlardan ötrü əhəmiyyət verdikləri bir insan bu xüsusiyyətlərdən birini itirdikdə artıq hörmət edilən bir insan olmaz.

 

Həqiqi dostluq din əxlaqıyla öyrənilər

Din əxlaqından uzaq yaşayan kəslərin öz aralarında bu cür şikayətlərinə şahid olmusunuz: “Çox dostum var, amma bir nəfər belə həqiqi dostum yoxdur”, “heç bir dostuma həqiqi mənada etibar etmirəm”. Bu kəslər çox səmimi dost kimi görünsələr də daxildə həqiqi dost olmadıqlarını bilirlər. Ancaq daha yaxşı bir dost tapa bilməyəcəkləri və ətraflarındakı hər kəs bu əxlaqda olduğu üçün dostluqlarını davam etdirərlər. Çünki həqiqi dostluq, fədakarlıq və səy tələb edər. Yeri gəldikdə insan dostu üçün vaxtından, rahatlığından, pulundan, mənfəətlərindən heç düşünmədən güzəştə gedərək fədakarlıq göstərə bilməlidir. Lakin din əxlaqı yaşanmadığı təqdirdə bütün digər gözəl əxlaq xüsusiyyətləri kimi fədakarlıq etməyin də bir mənası yoxdur.

Məsələn, bir insanın dostu xəstələnsə, xəstəxanalarını gəzib həkim axtarsa, bəlkə benzinin pulunu, həkimin pulunu ödəməsi, üstəlik də yanında gözləyib baxımıyla maraqlanması lazımdırsa və bu əsnada işinə, məktəbinə, ailəsinin yanına ya da dostlarıyla əylənməyə getmək əvəzinə bunları etmək vəziyyətində qalsa, böyük ehtimalla bir çox bəhanə irəli sürəcək. Hətta bu bəhanələrin əhəmiyyətli olduğuna özünü də inandıracaqdır. İşin qəribə tərəfi, bu şəkildə davranan ya da bu şəkildə düşünən bir insanın bu davranışı din əxlaqının yaşanmadığı bir cəmiyyətdə heç kim tərəfindən qəribə qarşılanmayacaqdır.

Buna görə də din əxlaqını yaşamayan insanların həqiqi dostları yoxdur, həyat yoldaşları belə onlara həqiqi mənada dost deyil. Evliliklərində sevgiləri və hörmətləri qısa müddətdə tükənər, amma maddi asılılıq ya da ictimai səbəblərlə bunu davam etdirməyə çalışarlar. Buna görə də əslində evli olsalar belə tənhadırlar. Ailələri də yaşlandığı üçün hər an onları itirmə ehtimalı vardır, buna görə də həyatda tək qalmamaq mövzusunda onlara da etibar edə bilməzlər. Xüsusilə bu səbəbdən ötrü uşaq sahibi olarlar, gələcəkdə onların özlərinə baxacağını, beləcə tək qalmayacaqlarını düşünərlər. Amma cəmiyyətin ümumi vəziyyətinə baxanda bunun belə olmadığı aydın olar. Uşaqları da özləri kimi olacaq, böyüdükdə yanlarından ayrılacaq və müvəqqəti olan bu dünyanın haqqını vermək üçün cəmiyyətinin digər üzvləri kimi dünya həyatının ehtiraslarına aludə olacaq, yəni eqoizm və mənfəət mübarizəsinə girəcəklər. Nəticə etibarilə, din əxlaqını yaşamayan insanlar, içində yaşadıqları cəmiyyətin strukturu və göstərdikləri bu pis əxlaq xüsusiyyətlərindən ötrü həmişə təkliyə məhkumdurlar.

 

Din əxlaqı insanların hər cür

dünyəvi qorxusunu aradan qaldırar

Din əxlaqını yaşamayan insanların, Allahı tam tanımadıqları, Onun dostu olmadıqları və Rəbbimizə təvəkkül və etibar etmədikləri üçün çox müxtəlif qorxuları vardır. Gələcəkdən qorxarlar, təklikdən qorxarlar, uşaqlarının başına bir şey gəlməsindən, mallarına zərər gəlməsindən, sağlamlıqlarını itirməkdən, qəza keçirməkdən və ən əhəmiyyətlisi də ölümdən çox qorxarlar:

 

De: “Qaçdığınız ölüm sizi mütləq haqlayacaqdır. Sonra siz qeybi və aşkarı Bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nə etdiklərinizi xəbər verəcəkdir”. (Cümə surəsi, 8)

 

Ölüm onlar üçün bir naməlumluqdur. Ölümdən sonrasını düşünməsələr belə necə öləcəklərini düşünər və bundan ötrü qorxarlar. Hər cür ölüm növü başlarına gələ bilər və bu ehtimalların qorxusu çox şiddətlidir. Ölümdən sonra həyat olduğu həqiqətinə ciddi mənada inanmadıqları üçün ölüm onlar üçün başlı-başına ürküdücü bir hadisədir. Yox olacaqlarını, torpağa qarışacaqlarını və bir daha əsla həyata qayıtma ehtimallarının olmadığını düşünərlər. Göründüyü kimi bu kəslərin ölüm qorxuları axirətdə necə haqq-hesab verəcəkləriylə əlaqədar bir qorxu deyil, dünyanı əbədi olaraq itirmə, yox olma düşüncəsinə əsaslanan bir qorxudur.

Bu yox olma narahatlıqlarını da çox vaxt oğlan uşağına sahibi olmaqla soyadlarını davam etdirməsiylə yatırda biləcəklərini zənn edərlər. Bir hissəsi oğlan uşağı doğana qədər lazım gəlsə 5-6 uşaq sahibi olar, hətta davamlı qız uşağı olur deyə yoldaşını boşayıb başqasıyla evlənənlər belə vardır. Maddi vəziyyəti yaxşı olanlar da soyadlarını davam etdirəcək abidələr, binalar, məktəblər inşa etdirərlər. Onların bu münasibətlərinə bir ayədə belə diqqət çəkilir:

 

Sanki əbədi qalacaqsınız deyə qalalarmı tikirsiniz? (Şuəra surəsi, 129)

 

Öz aralarında ölüm haqqında söhbət açılması belə keflərinin qaçması üçün kifayətdir. Nə qədər düşünməməyə çalışsalar da hər gün qəzetlərdən, televiziyadan, ətraflarından ölüm xəbərləri alarlar. Ətraflarında tez-tez ölümlərlə qarşılaşmaları, qəzaların, xəstəliklərin olması və ən əhəmiyyətlisi hər keçən gün yaşlanmaları istər-istəməz ölümü düşünmələrinə səbəb olar. Lakin hər mövzuda olduğu kimi bu mövzuda da, belə ki, ölümü düşünməmək üçün vicdanlarını ört-basdır etməyə çalışarlar. Olduqları mühitdə ölümlə əlaqədar bir söhbət olduqda dərhal söhbəti dəyişdirər, mümkün olduğu qədər dünya həyatına istiqamətli söhbətlər edərək hər insan üçün yaxınlaşmaqda olan sonu unutmağa çalışırlar.

Dünyada müxtəlif ölüm formalarının olması da onlar üçün çox qorxuludur. Mümkün olduğu qədər qəbiristanlıqların qarşısından keçməmələri, qəbiristanlıqların yaxınlığında ev tikməmələri də həmişə ölümü xatırlamamaq üçün görülən tədbirlərdir. Ancaq ölüm, harada olurlarsa olsunlar, əlbəttə ki, bir gün onları haqlayacaqdır. Bu qaçınılmaz həqiqət Quranda belə xatırladılar:

 

Harada olursunuzsa olun, ölüm sizi haqlayacaq. Hətta yüksək qalalarda olsanız belə... (Nisa surəsi, 78)

 

Ölüm və axirət onsuz da möminlərin mahiyyətini bildikləri, gözlədikləri, qovuşmaq istədikləri həqiqətlərdir. Bu, əslində onlar üçün Allaha və əsl yurdlarına qovuşmağın sevincidir. Bütün ömürlərini həqiqi yurdun həsrətiylə və haqq-hesab verəcəklərini düşünməklə keçirərlər və ölümün bir son olmadığını da bilirlər. Buna görə də bu insanların, ölümdən və ya başqa bir şeydən qorxmalarından söhbət gedə bilməz.

 

Din əxlaqı insanlarındakı

gələcək qorxusunu aradan qaldırır

Möminlər istisna olmaqla demək olar ki, bütün insanlar həyatlarının sonrakı dövrlərində özlərini nələrin gözlədiyiylə maraqlanar, bir çox mənfi ehtimalı da düşünüb narahat olarlar. Bu onları ciddi şəkildə kədərləndirər və narahat edər. Bundan başqa insanların əksəriyyətinin yaşadığı gündəlik narahatlıqlar da vardır ki, bunları da gələcək qorxusuna daxil etmək mümkündür. Kiçik yaşlarda bu vəziyyət dərs tapşırıqlarından, dostluq əlaqələrindən, şifahi imtahan vermək kimi sadə problemlərdən ibarətdir. Ancaq yaşın artmasıyla insanların problem halına gətirib, qorxduqları mövzular da artar.

Orta məktəb dövrlərində adamın geyəcəyi paltar, yeyəcəyi yemək, dostlarıyla yaşadığı problemlər, qrup daxilindəki etibarı, məktəbdəki müvəffəqiyyəti və ailə münasibətləri onun üçün sanki dünyanın ən böyük və ən əhəmiyyətli problemləridir. Bu mövzulardakı hər hansı bir problem əhval-ruhiyyəsinə güclü təsir edər, hətta stressə və depressiyaya girməsinə səbəb olar. Bu problemlər, mütləq keçilməsi lazım olan universitet imtahanıyla ən pik nöqtəsinə çatar. Çünki bu imtahandan keçilmədiyi təqdirdə ailəyə necə hesab veriləcəyi, bu vəziyyətin qohumlara və ətrafdakı insanlara necə izah ediləcəyi, liseydəki müəllimlərə və dostlara nə kimi bir bəhanə uydurulub deyiləcəyi, həyatın bundan sonrakı mərhələsində nə ediləcəyi kimi narahatlıqlar gənc bir insanın mənəvi cəhətdən olduqca çökməsinə səbəb olar. Bu cür hallara indiki vaxtda o qədər çox rast gəlinir ki, universitet və ya kollec imtahanlarının nəticələrinin bəyan edilməsindən sonra qəzetlərdə çıxan intihar xəbərlərinə sanki vərdiş edilmişdir. Ancaq unutmamaq lazımdır ki, bunlar olduqca yersiz narahatlıqlardır. İnsan, əlbəttə ki, bir imtahanda müvəffəqiyyət əldə etmək, yaxşı bir təhsil almaq istəyə bilər. Ancaq əlindən gələni etdiyi halda bir müvəffəqiyyət qazana bilmirsə, bu vəziyyətdə Allaha təvəkkül edib, Rəbbimizin özünə daha gözəl bir nəticə verməsi üçün dua etməlidir. Nəticə etibarilə burada əldə etdiyi və ya etməyə çalışdığı hər cür müvəffəqiyyət, qısa bir həyatdan sonra ölümlə birlikdə öz mənasını itirəcək. Geriyə qalan isə insanın Allaha olan etibarı, təvəkkülü və imanı olacaq.

Ancaq bu əhəmiyyətli həqiqətləri görə bilməyən, din əxlaqından uzaq kəslər üçün yaşın artmasıyla birlikdə gələcəyə bağlı qorxu və narahatlıqlar da artır. Bu insanlar gələcəyə dair planların xaricində, gün ərzində edəcəkləri və ya sonrakı həftələrdə etməyi planlaşdırdıqları bir çox təfərrüatı da düşünüb, narahat olar və hətta stressə girərlər. İş yerindəki vəzifələri, tətilə gedib gedə bilməyəcəkləri, əgər gedəcəklərsə hara gedəcəkləri, uşaqlarını xaricdə təhsil almağa göndərib göndərə bilməyəcəkləri, daha yaxşı bir evə köçüb köçə bilməyəcəkləri, yığıncağa vaxtında çatıb çata bilməyəcəkləri kimi saysız-hesabsız narahatlıqları vardır. Pul mövzuları da din əxlaqını yaşamayan insanların ağıllarını ən çox məşğul edən, onları ən çox narahat edən mövzuların başında gəlir. Pullarının çatıb çatmayacağı narahatlığı həm gündəlik həyatlarında, həm də gələcəklə əlaqədar planlarında böyük yer tutur. Çünki həm dünyaya istiqamətli böyük ehtiraslar içindədir, həm də pul yığıb xərcləmək istəməzlər. Bu da gələcəyə istiqamətli qorxu hissi keçirmələrinə səbəb olar. Bundan ötrü imkanları olsa belə pullarını xeyirxah işlərə xərcləməkdən çəkinərlər, insanlara kömək etməzlər. Maddi vəziyyəti yaxşı olan da, pis olan da eyni narahatlığı keçirər və xəsislik edər. Halbuki, insanlara ruzini verib, onları bəsləyən Allahdır. Allaha tam mənasıyla etibar etsələr onsuz da heç bir çətinlik çəkməzlər. Lakin bu etibarı yaşamadıqları üçün belə bir asanlıqdan da məhrum qalarlar. Allah insanlara verdiyi mallarla onları imtahan edir və bu mallardan Öz rizası istiqamətində istifadə etmələrini istəyir. Amma gələcəyə istiqamətli cahilcə qorxular üzündən çox insan eqoist bir münasibət nümayiş etdirər. Allah ayədə onların bu vəziyyətinə belə diqqət çəkmişdir:

 

Şeytan sizi yoxsulluqla qorxudur və yaramaz işlər görməyi əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanma və mərhəmət olunacağını vəd edir. Allah hər şeyi Əhatə edəndir, Biləndir. (Bəqərə surəsi, 268)

 

Bundan başqa bütün insanlarda gələcəklə əlaqədar olan qorxulardan biri də yaşlanmadır. Görülən hər cür tədbirə baxmayaraq bədəndə qarşısı alınmaz yaşlılıq əlamətlərinin qırışların, sallanmaların əmələ gəlməsi, saçın tökülməsi, ağarması, görmə, eşitmə qüsurları kimi yeni-yeni xəstəliklərin ortaya çıxması qaçınılmazdır. Bu ehtimalların hər biri din əxlaqından uzaq yaşayan bu insanlarda ciddi narahatlıqlara səbəb olar. Bundan başqa hər hansı ciddi bir xəstəlik vəziyyətində uşaqları özlərinə baxıb-baxmayacaq deyə düşünüb narahatlıq hissi keçirərlər. Necə və harada öləcəklərini düşünüb qorxarlar. Yaşlılarda ən çox müşahidə olunan qorxulardan biri də həyat yoldaşlarının öləcəyi təqdirdə tək qalma qorxusudur. İki tərəf də daxilən, “əgər o ölsə, mən necə tək başıma yaşayaram” deyə bir narahatlıq hissi keçirər.

Burada qeyd olunanların hər biri din əxlaqını yaşamayan insanların gələcəyə istiqamətli ciddi narahatlıq və qorxularıdır. Din yaşanmadığı təqdirdə bu narahatlıq hisslərinin baş verməsi qaçınılmazdır. Möminlər üçünsə vəziyyət daha fərqlidir, onlar bu cür qorxuların heç birini yaşamazlar. Hər şeyin Allahın nəzarəti altında olduğunu bilər, başlarına gələn hər şeyə yaxşı gözlə baxar, Allahı özlərinə dost tutduqları üçün köməyi də yalnız Allahdan gözləyərlər. Həmçinin, dünyada qorxulacaq heç bir mövzu olmadığını da bilərlər. Gələcəklərinə istiqamətli mövzularda Allahın ən çox razı qalacağı seçimləri edib, əllərindən gələn səyi göstərib, Allahın müəyyənləşdirdiyi taleyə təslim olarlar. Ayədə onların bu dünyagörüşü belə təsvir edilir:

 

De: “Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O bizim Himayədarımızdır. Qoy möminlər yalnız Allaha təvəkkül etsinlər!” (Tövbə surəsi, 51)

 

Din əxlaqı səmimi olaraq yaşandıqda insanların üzərindən bir çox narahatlıq və qayğı normal olaraq aradan qalxar, hər kəs dinc və rahat bir həyat yaşayar. Quran əxlaqı bütün bu qayğılar üçün çıxış yolu olar. İnsanlar rahatlayar, üstlərindən böyük bir yük qalxar. Çünki bu insanlar qarşılarına çıxan hər hadisənin Allahın bir imtahanı olduğunu bilər, bunun rahatlığıyla hərəkət edərlər. Bir çətinliklə qarşılaşdıqları vaxt təvəkkül edərək savab qazanacaqlarını, bir nemətlə qarşılaşdıqlarında da Allaha şükür edərək yenə axirətləri üçün xeyir qazanacaqlarını yaddan çıxarmazlar. Məhz bu qane olmuş ruh halı, din əxlaqının iman edənlərə bəxş etdiyi bir imtiyazdır. Lakin bu imtiyaza sahib ola bilmək üçün hər şeydən əvvəl Allaha güclü bir iman, tam bir etibar və təslimiyyət vacibdir. Ancaq bu xüsusiyyətlərə sahib olan insanlar bu narahatlıqlardan xilas ola bilərlər. Digərləri isə yaşadıqları bu cür narahatlıq və qorxularla iman etməmələrinin cəzasını hələ dünyada olarkən almağa başlayırlar.

 

Din əxlaqı insanların

təkəbbürlü olmalarına mane olar

Quranın bir çox ayəsində Allah təvazökarlığı əmr edir, lovğalığı və təkəbbürlülüyü sevmədiyini bildirir. Buna görə də bir mömin üçün təvazökar olmaqdan başqa variant yoxdur.

Ancaq din əxlaqını yaşamayan bir insandan təvazökarlıq gözləmək də mənasızdır. Bu cür insanlar biliklərindən, mallarından, vəzifələrindən, zəkalarından, mədəniyyətlərindən və sahib olduqları hər şeydən ötrü lovğalanar və digər insanları aciz görərlər. Olduqları mühitdə həmişə ən seçilən, ən fərqli, ən ağıllı, ən güclü, ən üstün və ən diqqət çəkən adam olmaq istəyərlər. Bir gün ölümün mütləq gələcəyini və sahib olduqları hər şeyi bu dünyada qoyub gedəcəklərini, öyündükləri bədənlərinin, gözəlliklərinin torpaq altında çürüyəcəyini ağıllarına belə gətirməzlər. Bu insanlar üçün əsas meyar, qürurdur. Qürur onlar üçün sanki bir şəxsiyyət ifadəsidir.

Qürurları üzündən heç kimə həqiqi mənada sevgi və hörmət göstərə bilməzlər, çünki bunu da qürur mövzusu olaraq görərlər. Başqalarından sevgi, hörmət gözləyərlər, amma özləri bunu etsələr alçalacaqlarını düşünərlər.

Din əxlaqını yaşamayan insanların həyatlarının əsasında “mən” ifadəsi durur. Həmişə digər insanları idarə etmək istəyərlər, hər şeyin ən doğrusunu düşündüklərini zənn edərlər, hər fürsətdə digər insanları əzməyə, alçaltmağa çalışırlar. Ən əhəmiyyətlisi də bu cür insanlar istisna təşkil etməzlər, əksinə din əxlaqının yaşanmadığı bir cəmiyyətdə olduqca geniş yayılmışdırlar.

Quranda qürur mövzusunda çox həssas bir ölçü verilmişdir:

 

Yer üzündə təkəbbürlə gəzmə. Çünki sən nə yeri yara bilər, nə də yüksələrək dağlara çata bilərsən. (İsra surəsi, 37)

 

Başqa bir ayədə də, Allah belə öyüd-nəsihət verir.

 

İnsanlardan təkəbbürlə üz çevirmə, yer üzündə özünü darta-darta gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, özünü öyəni sevmir. (Loğman surəsi, 18)

 

Din əxlaqını yaşamayan bəzi insanlar, “mən təvazökar bir insanam, bu kateqoriyaya daxil deyiləm” deyərək özlərini aldada bilər. Ancaq Quranda bildirilən həyatın hər anına, adamın bütün davranışlarında əks olunan bir təvazökarlıqdır. Özü və sahib olduqları da daxil olmaqla, hər şeyin sahibinin və onları yaradanın Allah olduğunu, hər şeyin Allahın məlumatı və diləməsi daxilində baş verdiyini dərk etmiş insanların göstərdiyi təvazökarlıqdır. Bu insanlar da ancaq möminlərdir. Din əxlaqından xəbərsiz bir insan, möminlərin əxlaq və dünyagörüşündən çox uzaq bir xarakterə sahib olduğundan həqiqi mənada təvazökar olması qeyri-mümkündür. Quranda bildirildiyi şəkildə yaşanmadığı müddətcə göstərilən təvazökarlıq, bir göstəriş, riyakarlıq və ya acizlik psixologiyasından kənara çıxmayacaq.

Hər kəsin qürurlu olduğu bir cəmiyyətin nə dərəcə dözülməz və əzab dolu bir mühit olduğu aydındır. Lovğalıq etməkdə, eqoizmdə, zalımlıqda əlindəki imkan və fürsətlər daxilində heç bir hədd-hüdud bilməyən insanların meydana gətirdiyi bir cəmiyyətlə, hər kəsin bir-birinə qarşı təvazökar və sadə davrandığı bir cəmiyyət arasındakı uçurum din əxlaqının lazım olduğu kimi yaşanmamasından qaynaqlanır.

 

 

Quran əxlaqı insanlardakı şəfqətsizliyi və

mərhəmətsizliyi aradan qaldırır

Şəfqətli və mərhəmətli olmaq Allahın bir sifəti olduğu kimi, Onun qullarından da istədiyi bir əxlaq xüsusiyyətidir. Quranın bir çox ayəsində möminlərə şəfqətli və mərhəmətli olmaları məsləhət görülür.

Adamın Allahı razı salmaq, Rəbbimizin seçib bəyəndiyi dini yaşamaq kimi bir məqsədi olmadıqda gözəl əxlaqlı olmaq üçün də heç bir səy göstərməyəcək. Buna görə də bu kitabda başdan bəri izah edilən hər cür pis əxlaq xüsusiyyətini göstərməkdən də çəkinməyəcəkdir. Dinsiz cəmiyyətdə şəfqətsizlik hər sahədə və hər kəsə qarşı ortaya çıxar. Belə bir insan digər insanlara olduğu kimi, ən yaxınlarına, anasına, atasına, nənəsinə, babasına, qardaşlarına, qohumlarına belə şəfqətsiz davrana bilər. Onların səhvlərinə ya da insani qüsurlarına əsəbiləşib, danlayıb incidici davrana bilər. Şəfqət gözüylə baxmağı bilmədiyi üçün edilən hər rəftar bu insanı qəzəbləndirəcək.

Bu cür bir insan kasıb və ya miskin insanlara da heç bir mərhəmət göstərməz. Çünki bir anlıq ya da gündəlik mənfəətləri hər şeydən əhəmiyyətlidir. Belə bir anda başqalarını düşünməsindən söhbət gedə bilməz. Əlbəttə ki, bu insanların da özlərinə görə şəfqət anlayışları vardır, amma bu anlayışları səhv bir anlayışdır. Məsələn, yoldakı dilənçiyə yazıqları gələr, bunu böyük bir mərhəmət əlaməti kimi düşünərlər, amma əslində daha çox vicdanlı davranılması lazım olan, hətta şəxsən özlərinin fədakarlıq etmələrini tələb edən bir vəziyyətdə öz mənfəətlərinin zərər görməməsi üçün biganə yanaşarlar. Məsələn, gözlərinin qabağında ciddi bir yol qəzası baş versə dayanıb, kömək etmək istəməzlər. Bunun üçün öz aləmlərində bir çox səbəbləri vardır. Bütün günləri hədər gedəcək, xəstəxanaya getmək üçün pul xərcləmələri və vaxt itirmələri lazım olacaq. Həmçinin tanımadıqları bir adam üçün belə səy göstərmək, onu daşımaq, fədakarlıq etmək çox mənasızdır. Çünki bunun əvəzində bir qazancları olmayacaq.

Məhz din əxlaqının yaşanmadığı bir cəmiyyətdə belə nümunələrə tez-tez rast gəlmək mümkündür. Bu vicdansız rəftarların yox olması isə ancaq Quran əxlaqının əskiksiz olaraq yaşanmasıyla mümkündür. İnsanların bir-birlərinə qarşılıqlı olaraq şəfqət və mərhəmət hissləri bəsləməsi, gözəl rəftarlar göstərməsi mövzusunda şövq içində olmaları ancaq din əxlaqının bəxş edə biləcəyi bir gözəllikdir. Amma bunu da qeyd etmək lazımdır ki, cəmiyyət içində istisna olaraq bəzi kəslərin belə üstün bir əxlaqı yaşaması kifayət etməz. Ya da insanların bəzi hadisələr qarşısında gözəl rəftarlar göstərib, bəzilərində isə Qurana uyğun olmayacaq şəkildə davranmaları, bəzi pis əməllərdən prinsip etibarilə çəkinib, bəzilərini heç düşünmədən etmələriylə də istənilən mühit meydana gəlməz. Həqiqətən dinc bir cəmiyyət həyatının varlığı, fərdlərin kütləvi halda Allahın əmr etdiyi kimi Quran əxlaqını yaşamaları və qarşılıqlı fədakarlıq göstərə bilən bir əxlaqa sahib olmalarıyla mümkündür.

 

Din əxlaqı hər kəsin çıxış yolu tapan insan

olmasını təmin edər

Quranda izah edilənlərə tabe olmaq insanlara hadisələrə çıxış yolu gətirə bilən, hər mövzuda ağıllı hərəkət edən bir xarakter qazandırar. Buna görə də din əxlaqını yaşayan bir insanın mövzu hər nə olursa olsun, həlli nə dərəcə qeyri-mümkün görünürsə görünsün mütləq bir həlli olar. Buna görə də din əxlaqının yaşandığı bir cəmiyyətdə heç vaxt həll edilməsi qeyri-mümkün olan bir maneə, həlli mümkün olmayan bir vəziyyətə rast gəlinməz.

Quran əxlaqı yaşanmadıqda, insan ağlından lazım olduğu kimi istifadə etmədiyindən, bir mömin üçün çox asan həll edilə biləcək mövzular başqaları üçün böyük problem meydana gətirər. Din əxlaqını yaşamayan insanların həyatlarının hər mərhələsi belə problemlərlə, dərdlərlə doludur. Problemlər həll axtarılmaqdan çox dözməyə vərdiş edilmiş və gündəlik həyatın normal bir parçası halına gəlmişdir. Çıxış yolu tapa bilməmək dindən uzaq insanların hər vəziyyətlərində öz əksini tapmışdır. Həmişə ümidsiz, şikayətçi bir xarakterləri vardır. Amma problemlərə çıxış yolu tapmaq ağıllarına gəlməz. Gəlsə də çox məhdud düşündükləri üçün ümumiyyətlə ağıllı bir çıxış yolu tapa bilməzlər.

Həmçinin çıxış yolu tapa bilməmək din əxlaqından uzaq cəmiyyətlərdə sanki qanuni bir bəhanə olaraq qəbul edilir. İnsan məsuliyyətsizliyini, könülsüzlüyünü, biganəliyini və ağılsızlığını çıxış yolu tapa bilməməsinin arxasına gizlənərək gizlətməyə çalışar. Xüsusilə iş yerlərində hər kəs öz gördüyü işi çox mürəkkəb və çıxış yolu olmayan bir işmiş kimi göstərməyə çalışar. Beləcə, çox çətin bir iş görüldüyü təəssüratı verilər. Səhvlər, biganəliklər və müvəffəqiyyətsizliklər də bu şəkildə qanuniləşdirilməyə çalışılar.

Quran əxlaqından uzaq cəmiyyətlərdə mövzuların lazım olduğu kimi həll edilə bilməməsinin ən əhəmiyyətli səbəbi, hər kəsin öz fərdi problemlərinin belə öhdəsindən gələ bilməməsidir. Din əxlaqı yaşanmadığı təqdirdə nəfsinə itaət etməyə başlayan insan yalnız onun əmrlərini yerinə yetirməyə çalışacağı üçün, başqalarına və ya cəmiyyətə faydalı olma kimi bir qayğısı onsuz da olmayacaq. Hər vəziyyətdə və mühitdə nəfsinin mənfəətlərini güdməyə, bütün insanların mənfəətləri üçün isə ən az çətinlik çəkməyə, minimum dərəcədə zəhmət çəkməyə, malından xərcləməyə və məsuliyyət daşımağa istiqamətli düşünəcək.

Ortaq bir çıxış yolu axtarılan ən sadə bir mövzu belə, çox asanlıqla həll edilə biləcəyi halda həll edilə bilməz. Hər kəs özünü ön plana çıxarmaq, öz fikirlərini qəbul etdirmək, öz ideallarını təmin etmək, son sözü deyən olmaq kimi narahatlıq və gözləntilərlə hərəkət etdiyi üçün əsl mövzu heç cür həll edilə bilməz. Din əxlaqını yaşamayanların problemlərə çıxış yolu tapa bilməmələrinin əsasında duran aralarındakı ayrılıq və mübahisədən bir ayədə belə bəhs edilir:

 

...Onların öz aralarındakı düşmənçilik isə çox kəskindir. Sən onların həmrəy olduğunu güman edirsən, halbuki onların qəlbləri dağınıqdır. Bu ona görədir ki, onlar ağlı kəsməyən adamlardır. (Həşr surəsi, 14)

 

Televizordakı müxtəlif açıq havada keçirilən iclas proqramlarında bunun nümunələrini görmək mümkündür. Bir mövzu haqqında saatlarla, hətta bəzən səhərə qədər müzakirələr aparılar. Hər kəs höcətləşən bir ruh halına sahib olduğu üçün heç kim bir-birinin fikirlərini asanlıqla qəbul etməz. Heç kim başqa bir adamın fikrinin doğru olduğu qənaətinə gəlsə belə bunu qəbul etməyi qüruruna sığışdıra bilməydindən ötrü onun fikrinə qarşı çıxmağa, hətta o fikri əhəmiyyətsiz hesab etməyə çalışar. Çünki vacib olan doğru olanın tapılması deyil, doğru olanı özünün deməsi, son nöqtəni özünün qoymasıdır. Mübahisəçilər öz bilik və təcrübələrini ön plana çıxaracaq bir çox ikinci dərəcəli söhbətlər etməyə başlayarlar. Çünki əsl məqsəd belə bir fürsət əldə etmişkən mümkün olduğu qədər özünü göstərə bilməkdir. Mübahisəçilər həmişə əsas mövzudan uzaqlaşarlar və saatlarla apardıqları mübahisədən sonra da heç bir irəliləyiş əldə edə bilmədiklərini, heç bir çıxış yolu tapa bilmədiklərini görərlər. Əksinə daha da başqa həlli mümkün olmayan problemlər, ixtilaflar, fikir ayrılıqları yaranmış olar. Onsuz da hələ ən başda məqsədləri çıxış yolu tapmaq deyil. Əhəmiyyətli olanın mübahisə etmək, danışmaq, hər kəsin fikrini deməsi olduğu kimi boş fəlsəfələrə yiyələnər və özlərinə təsəlli verərlər. Mübahisə edilən mövzulara isə hələ də heç bir çıxış yolu tapılmamış olmasında, əsl məqsədindən uzaqlaşmış olmasında bir qəribəlik görməz, hətta bunu çox normal qarşılayarlar.

Möminlər isə etdikləri hər şeyə Allaha hesab verəcəklərini bildikləri üçün hər vəziyyətdə ən ağıllı, ən vicdanlı və ən düşüncəli rəftarları göstərər, ən münasib qərarları verər, ən doğru həlli taparlar. Quranın özlərinə qazandırdığı üstün əxlaq, yüksək məsuliyyət duyğusu və incə düşünmə qabiliyyəti istiqamətində hərəkət etdikləri üçün problemləri çox tez həll edər, heç bir məqamda ilişib qalmazlar. İşləri aralarında məsləhətləşərək, bir-birlərinin ağıllarından istifadə edərək həll edərlər. (Şura surəsi, 38) Hər mövzuda Allahın ən çox razı qalacağı ən yaxşı seçimi edərlər. Öz nəfslərinin xoşuna gəlməsə, şəxsi mənfəətlərinə zidd olsa belə, haqdan, ədalətdən, ən doğrusunu etməkdən imtina etməzlər.

Yalnız Allaha ibadət etdikləri və hər şeyin əvəzini yalnız Allahdan gözlədikləri üçün, gördükləri işlərdə insanların razılığını və rəğbətini qazanmaq, ön plana çıxmaq, etibar qazanmaq, təqdir görmək, diqqət çəkmək, göstəriş etmək kimi sadə rəftarlara tənəzzül etməzlər. Buna görə də gördükləri işlərdə, verdikləri qərarlarda həmişə Allahın dəstəyini, köməyini və bərəkətini görərlər.

Allahdan qorxduqları üçün haqla nahaqqı ayırd edib (Ənfal surəsi, 29) ən doğru qərarı və həlli taparlar. Yenə Allahdan qorxduqları üçün Allah onlara “...çıxış yolu” (Talaq surəsi, 2) göstərər və “işini asanlaşdırar”. (Talaq surəsi, 4)

 

Din əxlaqını lazım olduğu kimi yaşayan insanlar

təvəkküllü olarlar

Allaha təslim olmaq istəməyən, din əxlaqını yaşamayan, bundan ötrü də ruh hallarında həmişə üsyankarlıq, pessimizm və ümidsizlik hakim olan insanlar başlarına gələn hər cür hadisəni təsadüflərin nəticəsi olaraq qiymətləndirərlər. Bütün həyatları boyu da bu dünyagörüşünün gətirdiyi etibarsızlıq, narahatlıq və inamsızlığın gərginliyini yaşayarlar. Möminlərdə olduğu kimi, hər vəziyyətdə Allaha etibar etməyin və bütün hadisələrin Allahın müəyyənləşdirdiyi bir taleyə əsasən baş verdiyini bilməyin üstünlüyünü yaşaya bilməzlər. Xeyir, ya da şər olsun, hər şeyin Allahın diləməsiylə, insanların imtahan olunması üçün yaradıldığını və hər cür hadisədə Allahın bildirdiyi şəkildə davrandıqlarında təqdirdə hüzura qovuşacaqlarını bilməzlər. Özləri üçün dinsizliyi seçmiş olmağın əzabını beləliklə, kiçik-böyük hər hadisədə yaşayarlar.

Bu insanlar yaşadıqları hər hadisəyə həddindən artıq əhəmiyyət verər, gündəlik və sadə hadisələri böyüdüb, dünyanın ən əhəmiyyətli məsələsiymiş kimi düşünərlər. Buna görə də işlər öz planladıqları ya da istədikləri kimi getmədikdə isə dərhal yaxşı gözlə qiymətləndirməzlər. Dərhal pessimizmə qapılıb, ümidsizliyə düşərlər, bunu başlarına gələn bir fəlakət kimi görər və heç cür çıxış yolu tapa bilməzlər. Başlarına pis kimi görünən ani bir hadisə gəldikdə xeyli kədərlənər, ağlayar, üsyan edərlər. Allaha təslim olmadıqları üçün hər şeyin Onun nəzarətində olduğunu da dərk edə bilməzlər.

Gündəlik hadisələrin gedişinə görə dəyişkən bir ruh halı yaşayarlar. Bu yaşayış içində onların kədərlənmələrinə, narahat olmalarına, depressiyaya düşmələrinə səbəb olacaq xeyli təfərrüat vardır. Bütün günləri və hətta ömürləri bu tip kədər və şikayətlənmələrlə keçər. Bu təvəkkülsüzlüklərini anlıq hadisələrlə yanaşı, həyatları boyu qarşılaşdıqları hər vəziyyətdə görmək mümkündür.

Məsələn, bir ev qadını üçün evi, ailəsi və evdə görməsi lazım olan işləri dünyanın ən mühüm mövzularıdır. Əgər bu mövzularda axsaqlıq kimi görünən, həll edə bilmədiyi bir vəziyyət yaranarsa, bunun Allahın nəzarəti altında baş verdiyini və özü üçün mütləq xeyirli olduğunu heç vaxt düşünə bilməz. Başına gələn ən kiçik hadisədə şikayətlənməyə, deyinməyə başlayıb, sıxıntılı bir ruh halına sahib olar. Halbuki, bu dərəcə sıxıldığı şey ən çoxu mətbəxdə unudub yandırdığı bir yemək və ya tozsorandakı bir problemdən başqa bir şey deyil. Ancaq Allaha təslim olmadığı və din əxlaqını da yaşamadığı üçün ən sadə problemlər belə ona böyük bir əzab vəsiləsi olur.

Eyni zehniyyət, bu ev qadının böyük bir holdinqdə menecer olan və işləriylə əlaqədar bəzi problemləri olan əri üçün də məqbuldur. Ona görə də arvadının evdə məşğul olduğu işlərin, dərd çəkdiyi çətinliklərin heç bir əhəmiyyəti yoxdur, hamısı kiçik şeylərdir. Ancaq öz işləri həm çox əhəmiyyətli, həm də vacib mövzulardır. Bu mövzularda yaranan problemlərə yaxşı gözlə baxıb, hər şeyin Allahın nəzarəti altında olduğunu düşünmədiyi üçün də psixoloji cəhətdən böyük sıxıntılara düşər. Eyni vəziyyət din əxlaqını yaşamayan uşaqları üçün də məqbuldur. Onlar da bütün dünyanın getdikləri məktəbdən ibarət olduğunu düşündükləri üçün 10-15 illik məktəb həyatları boyu heç cür rahat ola bilməzlər. Bir imtahanları yaxşı keçdisə digərinin pis keçməsi bədbəxt olmaları üçün kifayətdir. Həmçinin dostlarıyla olan əlaqələri, onlar arasında axtarılan, bəyənilən bir adam olub-olmamaları kimi mövzular da sıxıntıya düşmələrinə səbəb ola biləcək hadisələrdir. Analarından, atalarından və ətraflarından pessimizmi, ümidsizliyi, çıxış yolunun olmamasını və həmişə şikayət etməyi öyrənmişlər. Artıq bu ruh halı onlara hakim olmuşdur. Halbuki, bu ruh halının yeganə səbəbi din əxlaqını yaşamamaları, Allahı tanımamaları və Ona etibar etməmələridir.

Din əxlaqını yaşamayan cəmiyyətlərdən misal çəkdiyimiz bu insanların hər biri necə ki, dünyanın ən əhəmiyyətli problemlərinə sahib olduqlarını düşünüb, çıxış yolları axtarır, amma həmişə ümidsizlik və pessimizm içində yaşayırlarsa, bu cəmiyyətin daha yuxarı vəzifələrində və məqamlarında olan insanlar da qarşılaşdıqları vəziyyətlərdə eyni pessimist ruh halını yaşayırlar.

Halbuki, hər şey Quranda göstərilən çıxış yolları istiqamətində qiymətləndirilsə və ən pis görünən hadisədə belə Allahdan gələn bir xeyir olduğu yaddan çıxarılmasa, insanları ümidsizliyə sövq edən bir mühit meydana gəlməz. Quran əxlaqı Allahın bildirdiyi şəkildə yaşansa insanların bütün bədbinlikləri, acizlikləri yox olar. Kiçik-böyük hər mövzuya, başlarına gələn hər hadisəyə yaxşı gözlə baxar, bunlardan özlərinə xeyir və nəsihətlər çıxararlar. Həm insanların şəxsi həyatlarına, həm də cəmiyyət həyatına hüzur hakim olar.

Din əxlaqı lazım olduğu kimi yaşandıqda isə heç kim hadisələri təsadüf gözüylə qiymətləndirməz. Hər kəs hər hadisəni Allahın müəyyənləşdirdiyi tale çərçivəsində qiymətləndirib, onlarda gizlənmiş yaradılış hikmətlərini, Allahın bu hadisələr vasitəsiylə insanlara verdiyi ibrəti başa düşməyə çalışar. Buna görə də din əxlaqı yaşandıqda heç kim kaş ki deməz; “Kaş ki, dünən getsəydim, onda başıma bunlar gəlməzdi... Əgər bu məktəbə getməsəydim, onda Amerikaya gedə bilərdim... Kaş ki, yarım saat əvvəl gəlsəydiniz, onda o bəyi görərdiniz... Kaş ki, bu yoldan getməsəydik, çünki yol çox uzunmuş... Kaş ki, səninlə evlənməsəydim, onda cavanlığım hədər getməzdi... Kaş ki, bu paltarı geyməsəydim, onda bütün gecə rüsvay olmazdım... Kaş ki, çölə çıxmasaydım, onda xəstələnməzdim... Kaş ki, gecə yola çıxmasaydı, onda başına bu qəza gəlməzdi... Kaş ki, başqa həkimə getsəydi, onda daha tez sağala bilərdi... Kaş ki, o təyyarədə olmasaydı, onda ölməzdi...“ kimi cümlələr işlətməz. Dünya həyatları boyu Allahı unudaraq, dinə əhəmiyyət verməyərək yaşayan insanlar həyatlarını həmişə “kaş ki”lərlə keçirdikləri üçün axirətdə də onları, kaş ki, deyəcəkləri başqa mövzular gözləyir. Amma, əlbəttə ki, işlətdikləri bu kaş ki ifadələri onlara heç bir fayda verməyəcək:

 

Odun üzərində dayandırıldıqları vaxt onların: “Kaş ki, bizi dünyaya qaytaraydılar! Onda biz Rəbbimizin ayələrini yalan saymayıb möminlərdən olardıq” – dediklərini görəydin! (Ənam surəsi, 27)