Your browser version is outdated. We recommend that you update your browser to the latest version.

QURAN ƏXLAQININ CƏMİYYƏT HƏYATINA TƏSİRİ

 

Cəmiyyətlərdə Quran əxlaqının yaşanmamasından ötrü bir çox mənfi hallar müşahidə olunar. Məsələn, dindən uzaq bir cəmiyyətdə insanların əksəriyyətinin eqoist, ədalətsiz və pis əxlaqlı olmaları qaçınılmazdır. Çünki insanların həqiqi mənada gözəl əxlaqlı olmalarının arxasındakı tək səbəb din əxlaqının yaşanmasıdır. Allaha iman edən, axirətə yəqinliklə inanan insanlar, Allahı razı salmağı istədikləri və etdiklərinin hesabını verəcəklərini dərk etdikləri üçün Allah qorxusu əsasında hərəkət edirlər. Allahın qadağan etdiyi pis hal, rəftar və davranışlardan, mənfi əxlaq xüsusiyyətlərindən çəkinirlər. Bu insanların yaşadığı bir cəmiyyətdə isə hər cür ictimai problem aradan qaldırılır.

Lakin din əxlaqından uzaq bir insan, etdiyi pis əməllərin əvəzini nə vaxtsa alacağına, etdiklərinin hesabını verəcəyinə inanmadığı üçün hərəkətlərində sərhəd gözləməz. Etdiyi şeylərdən ötrü heç kimə hesab verməyəcəyini düşünən bir insan üçün pis əməldən çəkiniləcək heç bir hədd yoxdur. Prinsip etibarilə bəzi pis hərəkətləri etməsə belə əlverişli mühit tapdıqda, məcbur qaldıqda, ətrafındakı kəslər tərəfindən sövq edildikdə, ya da bir fürsət tapdıqda bunları etməkdən çəkinməz.

Belə bir həyatı seçən adam üçün dinsizliyin maddi-mənəvi qarşılığı elə dünyada olarkən başlayır. Bunun səbəbi əslində hər insanın vicdanla din əxlaqını yaşamalı olduğunu bilməsidir. Daha əvvəl də ifadə edildiyi kimi hər insanda vicdan mexanizmi vardır. Ancaq möminlərdə çox inkişaf etmiş olan bu xüsusiyyət, din əxlaqını yaşamayanlarda korlaşmışdır. Yəni, din əxlaqından uzaq insanlar vicdanlarına tabe olmayaraq özlərini mənəvi bir çətinliyə salarlar. Nəticə etibarilə, hər kəs əslində bir yaradıcısı olduğunu, Ona qarşı məsul olduğunu və gözəl əxlaqlı olmalı olduğunu bilir. Amma bunları yerinə yetirmək dünyəvi mənfəətləriylə zidd düşdüyü üçün tətbiq etmir.

Buna görə də ya din əxlaqının tələblərini tamamilə rədd edərək belə bir məsuliyyətdən çəkinər ya da həmişə özünün “yaxşı ürəkli, təmiz və dürüst bir insan” olduğu kimi müdafiələrlə dini Quranda təsvir edildiyi kimi yaşamamaq üçün bəhanələr tapar. Ancaq hər iki halda da insanlar şüuraltında Allahın istədiyi şəkildə yaşamalı olduqlarını bilirlər. Vicdanlarının bu səsinə görə hərəkət etmədikləri üçün də hələ dünyada olarkən bunun mənəvi əzabını çəkməyə başlayarlar. Məhz din əxlaqından uzaq cəmiyyətlərdə yaşanan depressiyaların, psixoloji problemlərin, ruhi sarsıntıların əsas mənbəyi “vicdan əzabı” adı verilən bu mənəvi sıxıntıdır. Hələ axirətə getmədən əvvəl etdiklərinin əzabını bu dünyada çəkməyə başlayanların vəziyyəti ayədə belə təsvir edilir:

 

Onlar: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?” – deyirlər.

De: “Ola bilsin ki, tələsik istədiyiniz şeyin bir qismi, artıq sizə yaxınlaşmışdır”. (Nəml surəsi, 71-72)

 

Axirətdəki sonsuz və dözülməz mənəvi əzabın kiçik bir parçası olan dünyadakı vicdan əzabı bir qədər əvvəl ifadə etdiyimiz kimi adamın yaradılışına və yaradılış məqsədinə zidd bir münasibət, dünyagörüşü və həyatı seçməsiylə başlayar. Adamın bu səhv, din əxlaqından kənar münasibət və zehniyyətini dəyişdirmədiyi müddətcə də bu mənəvi əzabdan xilas olması qeyri-mümkündür. Ancaq müxtəlif üsullarla özünə təsəlli edərək vicdanının səsini eşitməməyə, əzabını sakitləşdirməyə çalışar.

İnsan həm fiziki, həm də ruhən din əxlaqını yaşamağa uyğun olaraq yaradılmışdır. İnsanı da ona ən uyğun həyat modelini də yaradan Allahdır. İnsanlar bundan kənara çıxdıqları vaxt normal olaraq fərdi və ictimai səviyyədə çatışmazlıqlar özünü göstərər. Bu çatışmazlıqlar isə, kitabın əvvəlində bəhs edildiyi kimi tarix boyu bütün insanların içindən çıxmağa çalışdıqları, indiki vaxtda da təsiri demək olar ki, hər cəmiyyətdə müşahidə olunan ictimai və fərdi xəstəliklər və yaralardır. Bunlardan xilas olmağın yeganə yolu isə din əxlaqının yaşanmasıdır. Allah Quran əxlaqıyla bunların hər birinə həqiqi mənada həll gətirmişdir.

 

Din əxlaqı insanların günah işləmələrinə mane olar

Din əxlaqını yaşamayan bir kimsə, öz səhv məntiqinə görə, etdiklərindən ötrü hər hansı bir haqq-hesab verməyəcəyinə, cəzalandırılmayacağına və nəticədə də bir ziyana uğramayacağına inanar. Belə bir insanın öz mənfəətləri üçün hər hansı bir sərhəd bilməsi, başqalarının haqqını, yaxşılığını, mənfəətini qorumaq üçün heç bir səbəb yoxdur. Çünki, səhv məntiqinə görə bir dəfə gəldiyi bu dünyada ən rahat şərtlərdə yaşamalı, istədiyi hər şeyi əldə etməli, ağlına gələn hər şeyi edə bilməlidir. Quranda din əxlaqını yaşamayan insanların bu məntiqləri belə izah edilir:

 

Onlar dedilər: “Həyat ancaq bizim dünya həyatımızdır. Kimimiz ölür, kimimiz də doğulur. Bizi öldürən ancaq zamandır”. Bu haqda onların heç bir biliyi yoxdur. Onlar ancaq zənnə qapılırlar. (Casiyə surəsi, 24)

 

Məhz bu məntiqə sahib olan bir insan, həddini aşaraq hər cür pis əməli və ya əxlaqsızlığı edə bilər, saxtakarlıq edə bilər, yalan danışa bilər, işlədiyi yerdə rahatlıqla hesabına pul keçirə bilər, oğurlaya bilər, fırıldaqçılıq edə bilər, mənfəətlərindən söhbət getdikdə yalançı şahidlik edə bilər, verdiyi sözü poza bilər, əlinə pul, güc və ya imkan keçdikdə digər insanları əzə bilər... Pis işlərdə daha da irəli getmək üçün heç bir maneə görməz.

Bir müddət sonra vicdanı elə korlaşar ki, artıq bu insan tamamilə nəfsinin hakimiyyəti altına düşər. Nəfsi nə desə, nə əmr etsə dərhal yerinə yetirər. Heç bir məhdudlaşdırıcı, maneə törədici güc tanımaz. Mənfəətinə uyğun gəldikdə adam öldürməyə belə cəhd edə bilər. Hər gün qəzetlərdə bu cür saysız-hesabsız xəbərə rast gəlinir. Bilərziklərindən ötrü qonşusunu, qısqanclıqdan ötrü ərini, qəzəbləndiyindən ötrü yoldaşını, ağlı başından çıxdığından ötrü uşaqlarını, puldan ötrü anasını-atasını öldürən insanların xəbərləriylə qəzetlər dolub daşar. Əslində bunlar da yalnız hadisənin görünən tərəfidir, qəzetlərə əks olunmayan daha bir çox bu cür xəbər vardır. Bütün bunlar bu insanlarda vicdanın tamamilə yox olduğunu, hakimiyyətin nəfsin əlinə keçdiyini göstərər. Bu kəslər din əxlaqını və Allah qorxusunu yaşamadıqları üçün bu hala gəlmişlər və mənəvi olaraq insanlıqdan çıxmışlar. Ayədə bu cür insanlar həddini aşan günahkardan başqa...” (Mutaffifin surəsi, 12) kimi sifətlərlə adlandırılar.

Hər an hər şeyi edə biləcək insanlarla dolu bir mühitdə, küçədə, avtobusda, marketdə, bir əyləncə yerində və ya hər hansı bir yerdə yanınızda olan adi bir adam, əslində potensial bir təhlükə ola bilər, oğru, pozğun, qatil və s. hər şey çıxa bilər. Hətta bu, yaxşı görünüşlü, təhsilli bir adam belə ola bilər. Bunun olduqca həqiqi bir şərh olduğunu, məşhur bir jurnalda çıxan bir reportajdan bir hissəylə müəyyənləşdirmək mümkündür:

- Jurnal: “Cinayətə maraq saldığınıza görə işləmək istərdinizmi?

- Qonaq: “...Cinayət işləmək istədiyim vaxtlar da olmuşdur, yalnız konkret bir adama qarşı deyil. Gündə səkkiz on adamı öldürmək istəyə bilərəm. İnsanların içində belə bir vəhşilik var. Mənim də vəhşiliyə bir yaxınlığım var. Amma konkret bir cinayət mənə çirkin gələ bilər, qanlar töküləcək, adam yıxılacaq, düdüklər çalacaq, polis gələcək... Uzun iş... Amma nəticədə cinayət mənim üçün cazibədar bir işdir. “

- Jurnal: “Bəs, necə bir cinayət işlərdiniz?”

- Qonaq: “Əlbəttə ki, silahı seçərəm. Zəhərdən istifadə etmək işin dəhşətinə çox uyğun gəlmir, çox hiyləgər metoddur.”

Göründüyü kimi, xalq arasında ziyalı olaraq bilinən bir adamın belə, içində belə bir dəhşəti saxlaması və bunu heç çəkinmədən asanlıqla dilə gətirməsi din əxlaqını yaşamayan bir cəmiyyətin ortaq zehniyyəti haqqında gözəl bir fikir meydana gətirir. İfadələrindən, tənbəllik etməsə, hüzuru pozulmasa, başına problem gəlməyəcəyindən əmin olsa belə dəhşətverici bir hərəkəti böyük bir zövqlə işləməkdən çəkinməyəcəyi aydın şəkildə görünən bu adamın nümunəsi, insanlarda Allah inancı və Allah qorxusu olmadığı, Quran əxlaqı yaşanmadığı təqdirdə cəmiyyətin çatacağı qorxunc ölçüləri göstərir. Cahil bir insanın rahatlıqla və gözünü belə qırpmadan işləyə biləcəyi cinayət kimi böyük bir günah haqqında Quranda verilən hökm belədir:

 

...kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür... (Maidə surəsi, 32)

 

Şübhəsiz ki, ayədə verilən nümunə olduqca əhəmiyyətlidir, Allah belə bir günahı bütün insanları öldürməklə bərabər tutmuş, digər ayələrdə də bunun cəzasının cəhənnəm olduğunu bildirmişdir. (Nisa surəsi, 93) Bu vəziyyətdə, Allahdan qorxan bir insanın, nəinki belə bir günaha yaxınlaşması, ağlından belə keçirməsi qeyri-mümkündür. Bunun ən gözəl nümunələrindən birini Quranda Adəm peyğəmbərin oğullarından bəhs edilən hekayədə görmək mümkündür. Hz. Adəmin oğullarından biri qardaşını haqsız yerə, yalnız paxıllıqdan ötrü öldürmək istədikdə digəri belə rəftar göstərmişdir:

 

Sən məni öldürmək üçün mənə əl qaldırsan da, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Həqiqətən, mən aləmlərin Rəbbi Allahdan qorxuram. (Maidə surəsi, 28)

 

Məhz möminlərlə digər insanlar arasındakı fərq buradadır. İnananlar hər nə olursa olsun haram olan bir şeyə yaxınlaşmadığı halda, digərləri rahatlıqla hər cür günahı işləyə bilir ya da işləməkdə bir problem görmürlər.

Din əxlaqının yaşandığı bir cəmiyyətdə insanlar Allahdan çox qorxduqları üçün oğurluq, yalan, rüşvət, cinayət kimi əxlaqsızlıqların heç biri baş verməz. Din əxlaqını yaşayan insan, həyatını Allahın hüdudları daxilində vicdanına tabe olaraq davam etdirər, içindəki mənfi səs olan nəfsinin əmr etdiyi bütün pis əməlləri tərk edər.

Amma din əxlaqı yaşanmadıqda adam nəfsinin əmrinə tabe olub, iradəsini bir kənara buraxdığı üçün həmişə öz mənfəətlərinə uyğun hərəkət edər. Beləcə, hər cür pis əxlaqa qapı açılmış olar. Məsələn, oğurluq etmək adamın mənfəətlərinə uyğun gələ bilər, amma din əxlaqı bunu qadağan etmişdir və həmçinin bu qarşı tərəfə zərər verəcək bir hərəkətdir. Qarşı tərəfin illər boyu işləyib qazandığı pul, bütün zəhməti bir gecədə yox olar ki, bu da mal sahibinin canını yandırar. Əslində oğurlayan adam da vicdan əzabı çəkər. Buna görə də Quran əxlaqı bu cür pis əməlləri qadağan edən, haram buyuran insanlara dünyada da çox gözəl, dinc bir mühit hazırlamış olar.

Dinsiz bir adam bu izah edilənlərə qarşı çıxıb, “mən dinsizəm, amma rüşvət almıram” deyə bilər. Həqiqətən, bu insan ömrü boyu heç rüşvət almamış da ola bilər, prinsiplərinə əsasən rüşvət almağı səhv bir hərəkət kimi də görə bilər. Amma elə tələblər meydana gələr ki, almaqda bir problem görməyə bilər. Məsələn, maddi baxımdan çox çətin vəziyyətdə qala bilər, həyat yoldaşı ya da ailəsi rüşvət alması mövzusunda təzyiq göstərə bilər, hər kəsin rüşvət almağı qanuni olaraq gördüyü bir mühitə düşə bilər və ya ona zəif və romantik bir yerindən yaxınlaşa bilərlər. Bunun kimi bir çox müxtəlif vəziyyət ola bilər, adam üçün öz ağlına görə normal səbəblər meydana gələ bilər və o adam nəticədə heç düşünmədən rüşvət ala bilər.

Halbuki, Quran əxlaqında rüşvət mövzusu həm alan, həm də verən baxımından qadağan edilmiş və belə geniş yayılmış ictimai bir problemin hər iki tərəf baxımından da tədbirləri alınmışdır. Beləliklə də din əxlaqını yaşayan bir kimsə, bir çox ayədə haram buyrulan haqsızlıq və ədalətsizliyin bir forması olan rüşvət almağa yanaşmayacağı kimi, rüşvət verməyə, rüşvət almağa təşviq etməyə də aşağıdakı ayənin tələbiylə təşəbbüs belə edə bilməz:

 

Mallarınızı öz aranızda haqsızlıqla yeməyin və camaatın malının bir qismini bilə-bilə günah yolu ilə yeyəsiniz deyə hakimləri ələ almağa çalışmayın. (Bəqərə surəsi, 188)

 

Quranda məsuliyyətlərin həmin mövzuda məlumatlı və

təcrübəli insanlara verilməsi əmr edilir

Dövrümüzdəki cəmiyyətlərdə qarşılaşılan problemlərin, həlli mümkün olmayan məsələlərin ən əhəmiyyətli səbəbi bu mövzularla əlaqədar insanların bu problemləri həll edə biləcək qabiliyyətə və məlumata sahib olmamalarıdır. Din əxlaqından uzaq cəmiyyətlərdə, olduqları vəzifələrin, boyunlarına götürdükləri məsuliyyətlərin haqqını verə bilməyən insanlar çoxdur. Çünki bu kəslərin insanlar üçün fayda verəcək işlər görmək, xidmət etmək mövzusunda şövqləri yoxdur, buna görə də, özlərini faydalı olacaq istiqamətdə yetişdirə bilməmişdirlər. Olduqları vəzifələrə gəlmələrinin səbəbi də, o vəzifənin tələb etdiyi məsuliyyətlərə güclərinin çatmaları, həmin işə bələd olmaları deyil. Onların bu vəzifəyə gətirilmələri müxtəlif imtiyaz, yaltaqlıq və qarşılıqlı mənfəət əlaqələrinin bir nəticəsidir.

Məsələn, bir fabrikin başına çox vaxt o fabrik sahibinin oğlu keçər. Burada bəhsi keçən adamın bu iş mövzusunda qabiliyyətli olub-olmadığı, bu mövzuda lazımi təhsili alıb-almadığı elə də bir əhəmiyyət daşımaz. Hətta vəzifəyə gələn adam bəlkə də bu işi görmək istəmir, amma başqa bir işdə istədiyi mənfəətləri əldə etməsi qeyri-mümkün olduğu üçün məcburi surətdə bu işi görür. Bu məcburiyyət və məlumatsızlıqdan ötrü də faydalı işlər görməsi qeyri-mümkün olur. Bundan ötrü, vaxt gəldikdə ən sadə problemlərin belə öhdəsindən gələ bilmir, sadə insanların ağıllarını işlətməklə tapa biləcəkləri tədbirləri vaxtında görə bilmədiyinə, işə başlamasından hələ çox az vaxt keçdiyinə görə həlli mümkün olmayan problemlərlə üz-üzə gəlir.

Halbuki, Quran əxlaqının yaşandığı bir cəmiyyətdə belə bir mənzərəylə qarşılaşmaq qeyri-mümkündür. Çünki vəzifələri, məsuliyyətləri işə bələd olan kəslərə əmanət vermək Allahın Quranda bildirdiyi qəti bir əmridir:

 

Həqiqətən, Allah sizə əmanətləri sahiblərinə qaytarmanızı və insanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi əmr edir. Allahın sizə verdiyi bu öyüd-nəsihət necə də gözəldir! Şübhəsiz ki, Allah Eşidəndir, Görəndir. (Nisa surəsi, 58)

 

Allahdan qorxan və din əxlaqını yaşayan kəslər də Allahın əmrlərini olduqca dəqiqliklə yerinə yetirirlər. Eynilə dindar bir cəmiyyətdə özlərinə müxtəlif vəzifələr, məsuliyyətlər əmanət edilən kəslər də Allahdan qorxan kimsələr olacaqları üçün verilən vəzifələri ən yaxşı şəkildə yerinə yetirməyə səy göstərərlər:

 

O kəslər ki, əmanəti danmır və əhdlərini pozmurlar. (Məaric surəsi, 32)

 

Din əxlaqı insanlar arasındakı vəfasızlığı və

sədaqətsizliyi aradan qaldırar

Etibarlılıq, vəfa və sədaqət kimi anlayışlar din əxlaqıyla insanlara öyrədilən dəyərlər olub, ancaq dinin yaşandığı bir mühitdə tətbiq oluna bilər. Quran əxlaqının yaşanmadığı bir yerdə isə bu dəyərlərin yaşadılmasına ümid etmək böyük bir səhv olar. Çünki insanların bir-birlərinə hər cür şərait və vəziyyətdə, xəstəlikdə, sağlamlıqda, çətinlik və sıxıntı vaxtlarında vəfalı davrana bilmələri ancaq, Allahın razı olacağını bilmələri və axirətdə əvəzini alacaqlarını ümid etmələriylə mümkün olar. Əks halda, yəni adam əgər etdiklərindən ötrü haqq-hesaba çəkilməyəcəyini və etdiyi pis əməllərdən ötrü də cəzalandırılmayacağını düşünürsə, bu vəziyyətdə ilk növbədə öz mənfəətlərini düşünəcək və eqoist davranacaq.

Cəmiyyət bunun müxtəlif nümunələriylə doludur, maddi vəziyyəti yaxşı olan bir adam müflisləşdikdə, yaxşı vəzifədə olan biri vəzifəsini itirdikdə, yüksək rütbəli bir adam təqaüdçü olduqda, məşhur biri şöhrətini itirdikdə ətrafında heç kim qalmaz. Eynilə bir adam amansız bir xəstəliyə tutulduğu vaxt da çox vaxt ətrafında onunla maraqlanan dostu qalmaz. Yenə tez-tez rast gəlinən bir nümunə də biznes tərəfdaşlarının bir-birlərini dolandırmasıdır. Xüsusilə də bu cür maddi mənfəət əlaqələrində hər cür əxlaqsızlıq asanlıqla edilə bilər. Çünki pul, din əxlaqını yaşamayan insanların ən dəyər verdikləri anlayışdır. Bu qeyd olunanlar gündəlik həyatda insanların eşitməyə vərdiş etdikləri, hətta şəxsən şahid olduqları nümunələrdir.

Dost əlaqələri də vəfasızlığın konkret olaraq müşahidə olunduğu bir sahədir. Başqa birindən daha çox mənfəət əldə edəcəklərini başa düşdükləri vaxt ən yaxın dostlarını belə rahatlıqla tərk edərlər, belə ki, insanların böyük hissəsi bu vəziyyətə məruz qalmış, bunun çətinliyini çəkmişdir. Bu qanun nişanlı, sözlü ya da evlənməyə hazırlaşan insanlar üçün də məqbuldur. Maddi imkanları daha çox, fiziki baxımdan daha gözəl ya da kariyerası daha yaxşı olan biriylə qarşılaşdıqları vaxt dərhal sevdikləri şəxslərə sədaqətsizlik göstərərlər. Evlilik əlaqələrində də vəziyyət belədir. Yoldaşlar bir-birlərini rahatlıqla aldada bilər və ya tərk edə bilərlər. Onların batil düşüncələrinə əsasən onsuzda özlərini heç kim görmür, etdikləri gizli qalacaq, buna görə də çəkinəcəkləri bir vəziyyət yoxdur. Nəticə etibarilə, cahiliyyə cəmiyyətində hər cür insan əlaqəsində qarşılıqlı sədaqətsizlik və buna görə də etibarsızlıq geniş yayılmışdır. İnsanların bir-birlərinə qarşı olan bu etibarsızlıqları hər an narahat bir həyat yaşamalarına səbəb olar.

Cəmiyyətdəki sədaqətsizlik nümunələri yalnız bunlarla məhdudlaşmır. Gənc vaxtlarında hər hansı bir sahədə tanınan kəslər o dövrlərində hər kəsin diqqqət mərkəzində olarkən, onların böyük hissəsi yaşlandıqları vaxt ümumiyyətlə, tək başlarına qalarlar. Çox vaxt bir çoxları aclıq və səfalət içində, evlərində ya da 3-cü kateqoriyalı yataqxanalarda, böyük bir tənhalıq içində ölümü gözləyərlər. Artıq ətraflarında nə pərəstişkarları, nə jurnalistlər, nə də dostları vardır. Özləriylə maraqlanan kəslər də qalmamışdır. Tam tərs bir həyat yaşayarkən yaşlanmalarıyla birlikdə tərk edilib tənha qalmaları onları da təəccübləndirər və din əxlaqının yaşanmamasının bir nəticəsi olaraq da, əlbəttə ki, canları yanar. Ancaq bu əxlaq Quran əxlaqının yaşanmadığı mühitlərin dəyişməz qanunudur.

Dini inkar edənlər arasında hakim olan inanca əsasən insanlar təsadüflər nəticəsində təkamül keçirərək, meymundan törəyən canlılardır. Ancaq zahiri görünüşləri və zənginliklərindən ötrü dəyər görərlər, bunları itirdikdə isə artıq heç bir dəyəri qalmaz. Əlbəttə ki, bu fəlsəfəyə görə meymundan gəlib, torpağa gedəcək bir varlığa dəyər verilməz. Onsuz da artıq daha gənc, daha gözəl, daha məşhur kəslər onların yerlərini almışdır, bu vəziyyətdə onlara ehtiyac olmadığı aydındır. Cəmiyyətin digər fərdləri də axırda torpağa girib, yox olacaqlarını düşünən insanlardır. Dinə inanmadıqlarına görə bu kəslərin vəfayla, sədaqətlə vaxt itirmələri öz fəlsəfələri baxımından mənasızdır. Oxşar şəkildə qocalar evi və kimsəsizlər evi də uşaqları tərəfindən istənməyən ya da xalq arasındakı ifadəylə “qapıya qoyulan” ana-atalarla dolub daşar. Onlar da min bir zəhmət və fədakarlıqla yetişdirdikləri uşaqları tərəfindən tərk edilərlər. Üstəlik pis rəftar da görərlər.

Göründüyü kimi din əxlaqı yaşanmadıqda insan ən yaxını olan ana və atasına qarşı da belə zalımca rəftar göstərə bilər. Qaldı ki, bu əxlaqsızlıq, vəfasızlıq hər növ insan əlaqəsində yaşanır. Əslində hər kəsə çətinlik verən və canını yandıran bu ictimai xəstəliyin yeganə həlli yalnız din əxlaqının yaşanmasıdır. Din əxlaqı yaşandığı təqdirdə insan dəyərsiz bir varlıq olaraq görülməkdən xilas olar, Allahın ruh verdiyi dəyərli bir varlıq halına gələr. Bu dəyərli varlığın ən əhəmiyyətli xüsusiyyəti, əlbəttə ki, xarici görünüşü, sahib olduğu mallar ya da statusu deyil, təqvası və ya digər bir sözlə, Allaha olan yaxınlığı və gözəl əxlaqıdır. Çünki insanın bu dünyada istifadə etdiyi bədəni, sahib olduğu digər hər şey kimi keçicidir. İnsan bu dünyaya imtahan olunmaq üçün gəlmişdir, qısa bir müddət qalıb, axirət yurduna gedəcək və dünyada göstərdiyi əxlaqından ötrü orada sorğu-suala çəkiləcək. Bu vəziyyətdə insan üçün ən əhəmiyyətli şey göstərdiyi əxlaqı olacaqdır. Din əxlaqında vəfalı və sadiq olmaq vacibdir, çünki Allah qullarından bunu istəyər, dindarlar da normal olaraq Allahın bəyəndiyi bu əxlaqdan zövq alarlar.

Quran əxlaqı yaşandıqda vəfanın, sədaqətin ən gözəl nümunələrinə şahid olunur. Ana-ata baş tacı olar, dəyərli ifaçılar, alimlər, vətənə millətə xidmət etmiş, əməyi keçmiş kəslər, yaşları nə qədər irəliyəyirsə irəliləsin cəmiyyətdə həmişə sevgi, hörmət görərlər. Gənclər və sevənləri tərəfindən tez-tez ziyarət edilir, hər cür ehtiyacları nəzərə alınır. Dostluqlar öz qardaşlarından daha çox bir bağlılıqla olar və ömür boyu davam edər. Üstəlik xəstəlik, çətinlik, maddi sıxıntı kimi vəziyyətlərdə kömək etmək və beləcə, gözəl əxlaq göstərərək Allahın razılığını qazanmaq üçün bütün ətrafı bir-biriylə yarışar. Yoldaşlar, evlənəcək kəslər Allahın razılığını güdmək və bunun sonsuza qədər davam etməsi niyyətiylə bərabərliklərini davam etdirərlər. Ölümdən sonra sonsuza qədər davam edəcək bir həyatın varlığını bildikləri və iman etdikləri üçün bir-birlərinə çox bağlı, sadiq və vəfalıdırlar. Bu elə bir sədaqət anlayışıdır ki, iki tərəfdən biri şikəst qalsa da, aciz bir vəziyyətə düşsə də, sağlamlığını və ya fiziki gözəlliyini itirsə də eyni bağlılıq və vəfa davam edər. Məsələn, gözəl bir insanın üzü yansa və tanınmayacaq vəziyyətə gəlsə mömin olan həyat yoldaşı buna şəfqət duyar və səbir edər, dünya həyatının çox tez keçəcəyini, əsl yurdun axirət olduğunu bildiyi üçün həyat yoldaşına sevgisindən, hörmətindən, mərhəmətindən heç bir şey əsirgəməz. Çünki qarşısındakı insanda dəyər verdiyi şey ruhudur. Hətta belə bir vəziyyətdə sədaqət göstərmək mömin üçün daha da zövqlü olur.

Möminlərin bu sədaqət anlayışı iş ortaqlıqlarında və digər hər cür əlaqələrində etibarlıdır. Verdikləri sözü yerinə yetirmək, əhdlərini yerinə yetirmək, ortaqlıqlarını etibarla davam etdirmək sadiq və etibarlı xarakterlərinin göstəricisidir. Verilən sözə sadiq olmaq əhəmiyyətli bir mömin əlamətidir. Quran əxlaqının yaşanmadığı bir mühitdə isə insanlardan sözlərinə və bir-birlərinə vəfalı olmalarını gözləmək əbəsdir.

Bu nöqtə də əhəmiyyətlidir ki, din əxlaqını yaşamayan hətta dinsiz olduğunu söyləyən bir adam bu verilən nümunələri oxuyub, özünün dindar olmadığı halda bunlardan heç birini əsla etməyəcəyini iddia edə bilər. Həqiqətən də bu günə qədər heç etməmiş da ola bilər. Lakin daha əvvəl də ifadə etdiyimiz kimi, şərtlər elə dəyişər və bəlkə elə böyük mənfəətlərdən bəhsi keçər ki, bir nöqtədə sədaqətsizlik edə bilər. Bəlkə bundan ötəri özünə görə qınanmayacağı bir mühitə gedə bilər ya da özünə çox cazibədar görünən variantlarla qarşılaşa bilər. Bunlar kimi, dünyəvi əxlaqından, prinsiplərindən vaz keçəcəyi bir çox ehtimal meydana gələ bilər. Halbuki, şərtlər nə olursa olsun, mömin olan bir adam Allahın məmnun olmayacağı bir əxlaqı ya da Allahın qadağan etdiyi bir rəftarı əsla etməz. Bu adam üçün belə bir mövzunun istisnası da olmaz.

 

Din əxlaqının yaşandığı mühitdə sülh

və əmin-amanlıq hakim olar

Allah, Quranda möminlərə əmin-amanlığın və gözəl əxlaqın hakim olduğu bir sistem tövsiyə etmişdir. Bu sistemdə qəzəblənmək, kin saxlamaq kimi pis əxlaq xüsusiyyətləri yoxdur. Çünki Allah Quranda möminlərə bu cür rəftarları qadağan etmişdir:

 

O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da mallarından Allah yolunda xərcləyir, qəzəblərini boğur və insanları bağışlayırlar. Allah yaxşı iş görənləri sevir. (Ali İmran surəsi, 134)

 

O kəslər üçün ki, böyük günahlardan və çirkin əməllərdən çəkinir, qəzəbləndikləri zaman xətanı bağışlayırlar. (Şura surəsi, 37)

 

Allah möminlərə yuxarıdakı ayələrdə göründüyü şəkildə tərif verir. Möminlər də bundan kənar bir əxlaq nümayiş etdirməkdən çəkinərlər. Çünki bütün həyatlarını Allahın sevgisi və Onun rizası əsasında qurmuşlar. Həyatları boyu atdıqları hər addımda, göstərdikləri hər əxlaqda, etdikləri hər rəftarda, dedikləri hər sözdə ən doğrusunu, ən gözəlini seçərək davranar, Allahın ən bəyənəcəyi əxlaqa sahib olmağa çalışarlar. Allah onlardan gözəl əxlaqdan da üstün bir əxlaq istəyir, bunu da “ən gözəl” olaraq ifadə edir. Bir çox ayədə bu incəliyə diqqət çəkilmişdir:

 

Qullarıma de ki, ən gözəl sözləri danışsınlar... (İsra surəsi, 53)

 

...Biz yaxşı işlər görənlərin mükafatını puç etmərik. (Kəhf surəsi, 30)

 

Sən pisliyi yaxşılıqla dəf et... (Muminun surəsi, 96)

 

Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. (Fussilət surəsi, 34)

 

İslam əxlaqının yaşandığı mühit hər kəsin “ən gözəl” rəftara meyl etdiyi, bunu etməyə cəhd etdiyi bir mühitdir. Hər kəsin “ən gözəl” olanı axtardığı bir mühitdə normal olaraq hüzur, əmin-amanlıq və gözəllik hakim olar. Əsəbləşmə, qəzəblənmə, döyüş, səs-küy, mübahisə və bunlara bənzər pis əxlaq xüsusiyyətlərinin heç biri müşahidə olunmaz. Ailə mühitlərində, dost əlaqələrində, ticarət məsələlərində, nəqliyyatda, hər cür əməkdaşlıqlarda və bölgülərdə, gündəlik həyatın heç bir parçasında möminlər bu cür alçaldıcı rəftarlara və sadəliklərə tənəzzül etməzlər. Digər insanlar tərəfindən normal qarşılana bilən bu cür rəftarlar bir mömin üçün xəcalətdir.

İslam əxlaqı əsl mənada yaşandığı təqdirdə cəmiyyətdə normal olaraq dinc bir mühit meydana gələr. Din əxlaqı yaşanmadığı müddətdə də insanlar narahatlıqlara və sıxıntılara məhkumdurlar. Din əxlaqını yaşamayan və ya dinə inanmayan bir insanı dayandıracaq bir mexanizm yoxdur, bu adam tamamilə nəfsinin nəzarəti altındadır. Belə bir insanın bir anı digər anına uyğun gəlməz. Öz-özlüyündə qəzəblənər, incidici ola bilər, səsini çirkin bir tərzdə yüksəldər, qışqırar, hiddətlənər hətta şiddət belə tətbiq edə bilər. Əslində qəzəblənmək fərdi və ictimai narahatlığın xaricə əks olunan bir formasıdır, daha əvvəl də ifadə edildiyi kimi bu, ər-arvad və dostlar arasında, ticarət əlaqələrdə olduğu kimi nəqliyyat tıxaclarında belə sıxlıqla rast gəlinən bir vəziyyətdir. Xüsusilə darda qaldıqları vaxtlarda, işlər yolunda getmədikdə, ani vəziyyətlərdə, mənfəətləri təhlükə altında olduğu vaxtlarda əsəbləşməyən insan çox nadirdir. Məhz bu cür insanlarla dolu bir cəmiyyət də hər cəhətdən xoşagəlməz bir hal alır. Qarşıdakı insanın yorğun, dalğın, kədərli, yuxusuz ola biləcəyini və özü kimi bir insan olduğunu düşünmədən ən kiçik axsaqlığa, özünə toxunan ən kiçik bir hadisəyə həddindən artıq reaksiya verər, qışqırıb-bağırar, təhqir edər, hətta davaya girişər. Yeməyin duzunun çox olmasına, köynəyində ləkə qalmasına və ya qapıçının zibili bir az gec gəlib aparmasına və bunlara bənzər bir çox mövzuda eyni dərəcədə hiddətlənə bilər. Həqiqətən həssaslıq göstərməsi, reaksiya verməsi, müdaxilə etməsi lazım olan bir mövzuda, haqsızlıq, ədalətsizlik vəziyyətində isə özünə zərər toxunmursa laqeydlik, etinasızlıq göstərə bilər.

 

Din əxlaqı insanların stabil bir ruh halına

sahib olmalarını təmin edər

Din əxlaqını yaşayan insanlar tam mənasıyla Allaha təslim olduqları, hər şeyin Allahın nəzarəti altında baş verdiyini bildikləri üçün olduqca stabil və etidallı bir ruh halına sahibdirlər. Yaxşı ya da pis heç bir hadisə qarşısında özündən çıxmaz, ani reaksiyalar verməz, tamamilə ağıllı olaraq hərəkət edərlər. Buna görə də olduqca etibarlı insanlardır. Ən pis şərtlərdə belə həm özlərinin, həm də ətraflarının ən az zərər görəcəkləri şəkildə, ən ağıllı tədbirlər görərlər. Çünki möminlər Allahın kitabı olan Quranla öyrədilmiş insanlardır və bütün davranış, hərəkət və reaksiyaları da Qurandan öyrəndikləri üstün əxlaq və xarakter quruluşu çərçivəsində baş verər. Allahın hökmlərinə olduqca həssas bir şəkildə tabe olduqlarından və Allahdan qorxub çəkindiklərindən ötrü ağıl və şüur ​​cəhətdən çox inkişaf etmişlər. Hadisələr qarşısında ən doğru və ən gözəl davranış tərzini göstərə bilmələrini təmin edən bir qavrayış, fərasət və mühakimə yürütmək qabiliyyətinə sahibdirlər.

Əlbəttə ki, bu xüsusiyyətlərə sahib olan mömin heç bir hadisə qarşısında təşvişə, ümidsizliyə, narahatlıq və ya kədərə qapılmaz, həmişə stabil, təvəkküllü, sağlam bir ruh halına sahib olar. Çətinliklər qarşısında ruhdan düşməz, qərarsızlığa düşməz və səbirli davranar. İnsanlara, tolerant və mərhəmətli davranar. Sözün ən gözəlini danışar, rəftarın ən gözəlini göstərər. Güclü, etibarlı, yetkin bir şəxsiyyət nümayiş etdirər. Hər şeyin Allahın nəzarəti altında olduğunu yaddan çıxartmaz və qarşılaşdığı heç bir hadisədə aşağıdakı ayələri ağlından çıxarmaz:

 

Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, Yazıda müəyyən edilmiş olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır. Allah bunu əlinizdən çıxana kədərlənməyəsiniz və Onun sizə verdiyinə həddindən artıq sevinməyəsiniz deyə belə izah edir. Allah heç bir özündən razını, özünü öyəni sevmir. (Hədid surəsi, 22-23)

 

Quran əxlaqını yaşamayan insanlar isə Allahı tanıyıb, bütün hadisələrin Allahın nəzarəti altında olduğunu düşünmədikləri üçün həyatları həmişə qorxular, narahatlıqlar, hüzursuzluqlar içərisində keçər. Bundan ötrü də qeyri-stabil və neqativ bir şəxsiyyət nümayiş etdirərlər. Kənardan baxan biri üçün bu kəslərin ruh halı olduqca narahatvericidir. Bu tip kəslər həmişə qeyri-sabit ruh halında yaşayarlar. Çox xoşbəxt kimi görünərkən bir anda kədərlənib ağlamaya başlaya bilərlər. Niyə kədərlənəcəkləri ya da hansı səbəbə görə ağlayacaqları da qeyri-müəyyəndir. Bəzən köhnə bir xatirələri ağıllarına gələr, doluxarlar. Çox asanlıqla depressiyaya düşər və bunu rahatlıqla, normal bir hərəkətmiş kimi “depressiyadayam” deyərək dilə gətirərlər. İntihar etməyi belə düşünər, hətta cəhd edə bilərlər. Belə insanların hərəkətlərində heç bir hədd yoxdur. Nəyin doğru nəyin səhv, nəyin yaxşı, nəyin pis, nəyin gözəl nəyin çirkin olduğu mövzusunda qəti bir fikirləri də yoxdur, nəyin yerində nəyin yersiz, nəyin lazımi, nəyin lazımsız, nəyin mənalı nəyin mənasız, nəyin ağıllı nəyin dəlilik olduğuna sağlam düşüncəylə qərar verə bilməzlər. Çünki bütün bu anlayışlar haqqında ən doğru hədləri bildirən haqq dindən xəbərsizdirlər.

Dindən xəbərsiz olduqları üçün Allaha təvəkkül etməzlər. Allahın hər şeyi bir qədər ilə yaratdığından, hər şeyin Allahın diləməsiylə baş verdiyindən və bu dünyada başlarına gələn yaxşı ya da pis hər şeyin özlərinin imtahan edilməsi üçün yaradıldığından xəbərləri yoxdur. Dindən xəbərsiz olduqları üçün başlarına gələn hadisələrin hikmətlərini və mahiyyətini başa düşə bilməz və bu hadisələr qarşısında ən yaxşı reaksiya və davranışın necə olmalı olduğunu bilə bilməzlər. Hər şeyin təsadüflər nəticəsində olduğunu düşündükləri üçün bütün həyatları etibarsızlıq, narahatlıq və stress içində keçər. Buna görə də daim tərəddüd edər, səhv qərarlar və səhv reaksiyalar verərlər. Etdikləri bütün işlərdən peşmançılıq çəkərlər.

Heç bir mövzuda sağlam bir düşüncələri yoxdur, yaxşı bir hadisə qarşısında dərhal qürrələnib sevinər, hədlərini aşar, azğıncasına hərəkətlər edə bilərlər. Azğınlıqları, həyasızlıqları və qürurlanmaları artar. Sevindikdə özlərini itirər, alçaldıcı, sadə hərəkətlər göstərə bilərlər. Pis bir hadisə qarşısında da eynilə nəzarətsiz davranar, birdən-birə hər cür acizlik və çirkin davranışı göstərə bilərlər. Hövsələdən çıxıb özlərini yerdən yerə atar, qışqırıb bağırar və hönkürə-hönkürə ağlaya bilər. Qəzəbləndikləri vaxt şüursuz hərəkətlər edə bilər, pis sözlər deyə bilərlər.

Bu cür rəftarların yalnız müəyyən bir mədəniyyət səviyyəsinin aşağı insan təbəqlərinə xas olduğu zənn edilməməlidir. Din əxlaqını yaşamayan cəmiyyətlərdə ən yetkin, ən mədəni, ən ağlı başında görünən, “sözünü kəlamını bilən” deyə ifadə edilən kəslər belə gözlənilməz bir hadisə qarşısında özünü itirib sadə, səviyyəsiz rəftarlar göstərə bilərlər. Nəfslərinə ağır gələn, mənfəətlərinə zidd düşən hallarda bu cür kəslərin necə çirkin, təcavüzkar ya da aciz bir xarakterə büründükləri çox tez şahid olunan bir həqiqətdir.

 

Din əxlaqını yaşayan insanlar güclü və

qətiyyətli bir şəxsiyyətə sahib olurlar

Cahiliyyə mühitində insan, şəxsiyyət olaraq güclü görünsə belə mütləq bəzi hüdudları vardır. Din əxlaqını yaşamayan bir insan müəyyən bir məqamdan sonra zəifliklərinin öhdəsindən gələ bilməz. Müxtəlif pis rəftar və davranışlara prinsip etibarilə qarşı çıxanlar, belə əhəmiyyətli bir mənfəətləri olduqda prinsiplərindən imtina edə bilərlər. Həyat yoldaşlarından, yaxınlarından gördükləri bir təzyiq, xəstəlik, ehtiyac və ya bunlara bənzər bir vəziyyət meydana gəldikdə və bu tələblərdən ötrü qınanılmayacaqları bir mühit tapdıqları vaxt heç bir qanun və ya prinsipə əhəmiyyət verməzlər. Cəlbedici mənfəətlər qarşısında güzəştə getmələrinin qarşısını alacaq heç bir ciddi səbəbləri yoxdur.

 

... Allah Öz Elçisinə və möminlərə mənəvi rahatlıq nazil etdi və onlara təqva sözünü vacib buyurdu. Onların buna daha çox haqqı var idi və ona layiq idilər. Allah hər şeyi bilir. (Fəth surəsi, 26)

 

Yalnız daha əvvəl də ifadə etdiyimiz kimi din əxlaqını yaşamayan bir insanın bu günə qədər belə bir şey etməmiş olması əhəmiyyətli deyil.

Əhəmiyyətli olan bu güzəştlərə getməsinə mane olacaq heç bir hüdud, çəkinəcək səbəbinin olmamasıdır. Bəhsi keçən insanlar Allahdan qorxmadıqları üçün iradələrini qoruyacaq bir gücə sahib deyildirlər.

Halbuki, din əxlaqını yaşayan biri üçün vəziyyət çox fərqlidir. Dünyada mövcud olan heç bir səbəb onları doğru bildiklərini etməkdən və bu mövzuda qətiyyətli olmaqdan yayındırmaz. Bunun əsas səbəbi isə sahib olduqları Allah qorxusudur. Allahın qüdrətini qavraya bildikləri üçün Allahın əzabından və cəzalandırmasından şiddətlə qorxarlar. Allahın özlərini hər an eşitdiyini, gördüyünü və gizlətdikləri hər şeyi Allahın bildiyini bilir, hər an Allahın hüzurunda olduqlarını hiss edərək yaşayarlar. Din əxlaqına həqiqi mənada bağlanmış insanlar güclü və iradəli olurlar, hər nə olursa olsun Quranla qadağan edilən, Allahın xoşuna gəlməyəcək bir şeyi etməzlər. Möminlərin, qarşılaşdıqları heç bir hadisə qarşısında Allaha yaxınlaşmaqdan güzəştə getməyən münasibətləri ayələrdə belə xəbər verilmişdir:

 

O kişilər ki, nə ticarət, nə də alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmır. Onlar qəlblərin və gözlərin çevriləcəyi bir gündən qorxurlar. Bu ona görədir ki, Allah onları, etdikləri əməllərin ən gözəli ilə mükafatlandırsın, onlara olan lütfünü artırsın. Allah istədiyinə hesabsız ruzi verir. (Nur surəsi, 37-38)

 

Quran əxlaqı eqoizmi aradan qaldırır

Din əxlaqını yaşamayan insanların yalnız özlərini düşünmələri qaçınılmazdır. Bu əslində fəlsəfi bir zərurətdir, çünki yaşadıqları sistem bunu tələb edir. Fədakarlıq, mərhəmət, gözəl əxlaq kimi dəyərlər din əxlaqının gətirdiyi və ancaq dinlə birlikdə tam mənasıyla yaşana biləcək dəyərlərdir. Ancaq Allaha və axirətə iman edən, haqq-hesaba çəkiləcəyini bilən kəslər Allahın razı olduğu və bəyəndiyi bu əxlaqı heç nəyə güzəştə getmədən yaşayarlar. Buna görə də dindar olmayan bir insanın belə bir əxlaqı tam mənasıyla yaşaması qeyri-mümkündür. Lakin bunu, “cəmiyyətdə eqoist insanlar da vardır, mən onlardan deyiləm” şəklində düşünmək, öz boynuna heç götürməmək səhv olar. Çünki əgər din əxlaqı yaşanmırsa, eqoizmin başqa bir alternativi yoxdur. Digər pis əxlaq xüsusiyyətlərində olduğu kimi bunun da səbəbi eynidir: Bu sonsuz bir həyatın varlığına, haqq-hesaba çəkiləcəyinə, cəzalandırılacağına inanmamaq və Allahdan qorxmamaqdır.

Buna görə də din əxlaqını yaşamayan insanlar öz ifadələriylə “gəmisini xilas edən kapitan” tərzində bir həyat yaşayarkən, ətraflarındakı insanlara biganə yanaşarlar. Həyatdan gözlədikləri daha zəngin olmaq, daha yaxşı bir kariyeraya sahib olmaq, daha yaxşı yaşamaq və bunlara bənzər məqsədlərdir. Ətraflarındakı kəsləri, dostlarını, ehtiyac sahiblərini düşünmək hətta bütün insanlara faydalı olmaq ağıllarına belə gəlməz. Çünki özlərinə görə, bu fədakarlıqları göstərmələrini, bu cür bir əxlaqı yaşamalarını tələb edəcək heç bir səbəb yoxdur. Ətraflarında da daha fərqli bir sistemə rast gəlməzlər, onsuz da bütün cəmiyyət bu vəziyyətdədir. Bu vəziyyət də onlara vicdani bir rahatlıq verər.

Bir sözlə, din əxlaqının yaşanmadığı bir cəmiyyətdə eqoizm qaçınılmazdır. Belə bir cəmiyyətdə az ya da çox hər kəs mütləq eqoistdir. Halbuki, eqoizm insanın nəfsinə, ondan çəkinməsi üçün imtahan məqsədiylə verilmiş bir xüsusiyyətdir. Bu vəziyyət ayədə belə ifadə edilir:

 

...Doğrusu, nəfslər xəsislik etməyə hazırdır. Əgər qadınlarla yaxşı davranıb Allahdan qorxsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır. (Nisa surəsi, 128)

 

Ümumiyyətlə, eqoist insanlar ən kiçik bir təfərrüatdan ən əhəmiyyətli mövzulara qədər hər şeydə öz istəklərinin yerinə yetirilməsini istəyərlər. Qarşı tərəfin istəyi ya da razılığı onlar üçün əhəmiyyətli deyil. Məsələn, yorulsa dərhal oturmaq istəyər, amma özündən daha yorğun, yaşlı və ya xəstə olan insanların oturmasına əhəmiyyət verməz. Dostlarıyla bir yerdə olarkən ən yaxşı yemək, ən yaxşı yer, ən yaxşı yataq, ən yaxşı paltar həmişə özünün olmalıdır. Öz rahatlığı üçün başqaları narahat və hüzursuz olacaqsa, bu da əhəmiyyətli deyil. Özü dincələrkən səssizliyin yaranmasını istəyər, amma əylənmək istədikdə narahat olan insanlara əhəmiyyət verməz; bunu ən normal haqqı olaraq görər. İş yerində, məktəbdə, dostlarıyla olan əlaqələrində, evliliyində demək olar ki, hər yerdə eqoizmin müxtəlif növləri ortaya çıxar.

Vaxtaşırı din əxlaqının yaşanmadığı mühitlərdən də istisna olan kəslər çıxa bilər. Məsələn, “yaxşı” insan kimi tanınan şəxslər vardır. Həyat yoldaşına, dostuna qarşı comərd, fədakar olaraq tanınan bu kəslər, həmçinin bir çox sosial yardım fəaliyyətlərində də tez-tez iştirak edərlər. Lakin bu cür kəslər çox vaxt, etdikləri yaxşılıqları Allahın rizasını qazanmaq üçün deyil, yaltaqlıq, yaxşı və fədakar bir insan kimi tanınmaq, təriflənmək, təqdir toplamaq üçün edərlər. Həmçinin, bu kəslərin verdikləri hədiyyə və etdikləri yardımlar da öz maliyyə vəziyyətlərinə təsir edəcək bir külfət deyil.

İdealist olaraq tanınan insanlar da eyni zehniyyətdə bir liderlik etmək, məsuliyyət götürmək istəyinə sahibdirlər. Məqsədləri heç vaxt Allahın rizasını qazanmaq, insanlara, cəmiyyətə faydalı olmaq, xidmət etmək deyil. Bu kəslər alnız eqoist duyğularını təmin etmək, şöhrət, tərif, nüfuz qazanmaq məqsədiylə boyunlarına belə məsuliyyətlər götürər, vəzifə və məqam əldə etməyə çalışarlar. Ciddi mənada bir mənfəətləri olduqda isə həqiqi əxlaqlarını büruzə verərlər.

Din əxlaqını yaşamayan cəmiyyətlərdə, “fədakar” olduğunu düşünən bir adamı möminlərin əxlaqlarıyla və fədakarlıqlarıyla müqayisə etdikdə, həmin adam olduqca eqoist görsənər. Çünki möminlərin fədakarlıq anlayışı onların qavradıqlarından xeyli üstündür. Möminlər, qardaşlarının ehtiyacını öz ehtiyaclarından üstün tutarlar. Özləri üçün istədiklərinin daha çoxusunu səmimi olaraq qardaşları üçün istəyərlər. Çünki Qurana tabe olmaq onlara elə bir əxlaq qazandırmışdır ki, “Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər” (İnsan surəsi, 8) Bu əxlaqdan ötrü möminlər ayənin ifadəsiylə zəif kişilər, qadınlar və uşaqlar uğrunda... “ (Nisa surəsi, 75) mübarizə apararlar, yalnız özlərini düşünmək əvəzinə hər kəsin məsuliyyətini öz üzərinə götürüb, böyük düşünərlər.

Məhz din əxlaqı tam mənasıyla yaşandığı təqdirdə ictimai əlaqələr də fədakarlığa əsaslanacaq, bir çox problem aradan qalxacaq.

 

 

Din əxlaqını yaşamaq dünya həyatına hərisliklə

bağlanmağın və tamahkar olmağın qarşısını alar

 

İnsanlar sevgi, qardaşlıq, köməkləşmə, dostluq və paylaşma kimi anlayışları həqiqi mənada din əxlaqı sayəsində öyrənmişlər. Bu dəyərlər də yalnız din əxlaqı yaşandığı müddətcə qoruna bilər. Çünki insanların nəfsləri daha əvvəl də bəhs etdiyimiz kimi, dünyəvi hərisliklərə, eqoist ehtiraslara əlverişli yaradılmışdır. Din əxlaqından uzaq insanlar da axirət yurdunu qazanmağı qarşılarına məqsəd qoymadıqlarından ötrü, bütün ömürləri boyu bitib tükənmək bilməyən ehtiraslarını təmin etmək istəyərlər. Allah bu cür insan modelini Quranda belə təsvir edir:

 

Mən ona bolluca var-dövlət bağışladım, qayğısına qalan oğullar verdim və onu hər cür imkanlarla təmin etdim. Bunlara baxmayaraq, o, yenə də əlavə etməyimi arzulayır. (Müddəssir surəsi, 12-15)

 

Din əxlaqının yaşanmadığı mühitlərdə insanlarda həmişə mal və pul hərisliyi olar, bunların daha çoxuna tamah salarlar. Belə bir cəmiyyətdəki insanlar arasında rəqabət duyğusu da çox güclü olar. Ən zəngin, ən müvəffəqiyyətli, ən gözəl, ən məşhur, ən sevilən həmişə özləri olmalıdır. Başqalarında bu xüsusiyyətlərin olmasına heç dözə bilməzlər. Həqiqətən də başqalarının yaxşılığı, gözəlliyi və ya sahib olduqları şeylər, içlərini dünya ehtirası bürümüş kəsləri çox narahat edir. Üstəlik həsəd aparar, onların sahib olduqlarının daha çoxunu əldə etməyi istəyərlər. Hətta elə ki, özlərinin istəyib də çata bilmədikləri bir şeyə digər insanlar sahib olarsa, onların bu sahib olduqlarını itirmələri çox xoşlarına gələr.

Həris və tamahkar insanların bir-birlərinə qarşı olan bu dünyagörüşlərinin əsasında həyat fəlsəfələri durar. Çünki bu kəslər digər insanlara Allahın yaradıb ruh verdiyi dəyərli insanlar kimi deyil, meymundan təkamül keçirən və bir müddət sonra torpaq olub, bir daha əsla dirilməyəcək adi məxluqlar olaraq baxarlar. Özləri də “bu dünyaya bir dəfə gələcəklər”inə görə hər şeyin ən çoxuna sahib olmaq, nəfslərinin istəyini sərhəd bilmədən təmin etməkdən başqa bir məqsədləri olmamalıdır. Bu azğın məntiqlərinə görə, daha aza qane olmaq, başqalarının istək, mənfəət və ehtiyaclarını güdmək isə onlara görə tamamilə məntiqsizdir. Şübhəsiz ki, bəhs edilən insanların aralarında daşıdıqları bu düşüncələr olduqca səhvdir və sahiblərini sıxıntılı bir ruh halına salar.

Belə bir həyat ilk baxışda din əxlaqından xəbərsiz bir adam üçün çox cazibədar görünsə də əslində çox stressli, maddi və mənəvi cəhətdən çox bezdiricidir. Buna görə də əsla xoşbəxt və dinc ola bilməzlər. İnsanın istək və arzularının qanuni də olsa bir həddi-hüdudu yoxdur. Çünki insan sonsuz axirət həyatına görə yaradılmışdır. Bu dünya isə, bu istək və arzuları təmin edə bilməkdən çox uzaq, hər cür maneə, əskiklik və qüsurla dolu müvəqqəti bir imtahan yeridir. Məhz din əxlaqından xəbərsiz olduqları üçün bu imtahanın sirrini bilməyən kəslər hər cür arzularını bu dünyada həyata keçirməyə çalışır, həmişə bir qeyri-kafilik, narazılıq və əskiklik hissinə sahib olurlar. Heç vaxt əldə edə bilməyəcəkləri şeylərə hərislik edib, hər istədiklərini əldə etməyə çalışmaq onlara həyatı zəhər edər. Zənginlik içində yoxsulluq çəkərlər. Sahib olduqlarından heç bir zövq ala bilməz, sahib olmadıqlarından ötrü isə iztirab çəkərlər. Bu mənəvi əzab əslində sonsuz əzablarının bu dünyadakı bir başlanğıcıdır.

Din əxlaqı isə insanların özləri üçün istədikləri hər şeyi mömin qardaşları üçün də istəmələrinə və onların sahib olduqları xüsusiyyətlərdən ötrü xoşbəxt olmaları haqda öyüd-nəsihət verər. İnananlar bir-birlərinin qardaşı və himayədarıdırlar. (Tövbə surəsi, 71) Buna görə də bir-birlərinin sahib olduqları hər yaxşılıq və gözəllik onları çox xoşbəxt edər. Hər kəs sahib olduğu xüsusiyyətləri Allahın rizası üçün istifadə etdiyindən aralarında böyük bir paylaşma və yardımlaşma vardır. İnsanlar bir-birlərinə hər şeydən əvvəl Allahın yaratdığı, ruh verdiyi dəyərli insanlar gözüylə baxarlar. Bu da bir-birlərinə dəyər vermələrinə, comərd və fədakar davranmalarına səbəb olar. Belə bir cəmiyyətdə insanların çox dinc və xoşbəxt bir həyatları olar.

 

ardı >>